7 Noyabr 2020 18:25
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni təcavüzü nəticəsində mülk vətəndaşlara, sahibkarlara dəyən ziyan Azərbaycan dövləti tərəfindən kompensasiya ediləcək”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Dövlət Komissiyası erməni təcavüzü nəticəsində mülki vətəndaşlara və obyektlərə dəymiş bütün ziyanı qiymətləndirəcək: “Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, bu il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində vətəndaşlara, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması həyata keçiriləcək.

Bu məqsədlə yaradılan Dövlət Komissiyası erməni təcavüzü nəticəsində mülki vətəndaşlarmıza və obyektlərə dəymiş bütün ziyanı qiymətləndirəcək. İşğalçı ordunun nəinki cəbhə xəttində, hətta döyüş zonasından uzaq şəhərlərmizdə də mülki vətəndaşları və obyektləri hədəfə aldığını nəzərə alsaq, dəymiş ziyanın miqyasının necə böyük olduğunu təsəvvür etmək çətin olmaz.

Dövlət Komissiyası qiymətləndirmə nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası üçün tələb olunan maliyyə vəsaitinin məbləğini də hesablayacaq. Dəymiş ziyan barədə nəinki yerli ictimaiyyətə, eləcə də beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara məlumat veriləcək”.

Deputatın sözlərinə görə, erməni təcavüzü nəticəsində mülk vətəndaşlara, sahibkarlara dəyən ziyanın kompensasiya edillməsi dövlətin öz vətəndaşının yanında olmasının bir daha göstəricisidir: "Eyni zamanda, davam edən savaşda erməni işğalçıları tərəfindən mülki vətəndaşlara yeni ziyanlar dəyərsə, o da qiymətləndiriləcək və ödəniləcək”.

Vüqar Bayramov qeyd edib ki, 30 illik işğal dövründə dəymiş ziyanın qiymətləndirilməsi də aparılacaq: “İşğalçı ordu uzun müddət zəbt etdiyi torpaqlarımızıda infrastruktur və ekoloji soyqırımı edib. Demək olar, bütün tikililər dağıdılıb, meşələr məhv edilib. İşğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri göstərir ki, əksər hallarda nəinki dağıdılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir. Bu isə işğal altında olan ərazilərimizdə erməni barbarlığının sübutudur.

Beləliklə, Azərbaycan yeni, quruculuq mərhələsinə daxil olur. Bu mərhələ 30 illik həsrətin sona enməsi və uzun müddət işğal altında olan ərazilərimizə həyatın qısa zamanda qayıtması deməkdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər