Koronavirus (COVID-19) pandemiyası digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından bu sahədə azalmaya səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı "İxrac icmalı"nən noyabr sayında bildirilir.
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Koronovirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Hesabatda o da qeyd olunub ki, cari ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 24,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 4,2 dəfə az) təşkil edib. 2020-ci ilin yanvar-oktyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 379,1 milyon manatlıq (illik müqayisədə 2,8 dəfə az) əməliyyat aparıb.