“Başa çatmaqda olan ildə qlobal neft bazarı xüsusi təlatümlərlə yadda qaldı. Bu ilin geridə qalan aylarında Brent markalı neftin bir bareli orta qiymətlə 40 dollardan bir az baha satıldı. Qeyd edim ki, bu rəqəm 2019-cu ildə hər bareldə orta hesabla 64 dollar, 2018-ci ildə isə 71 dollar olmuşdu. Göründüyü kimi, bu il neft bazarı üçün heç də xoş keçmədi. Bununla yanaşı, artıq bir barel neftin qiyməti 50 dollardan bahadır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat bildirib ki, neft bazarında volatilliyin yüksək olmasına rəğmən investorlar 2021-ci ilə nikbin baxırlar: “Əvəlla, gələn il qlobal vaksinasiya ilə bağlı gözləntilər və növbəti ilin ortalarına doğru pandemiyanın səngiyəcəyi ilə bağlı ümidlər neft bazarına canlanma gətirə bilər.
Bu, bir sıra sektorlarda, xüsusən də nəqliyyat sferasında neftə tələbatı artıra bilər.
İkincisi, OPEK + gələn ildə də hasilatla bağlı konservativ siyasətini davam etdirmək niyyətindir. Bu o deməkdir ki, gələn il bazara çıxarılacaq neftin həcminin kəskin artacağı hələlik planlaşdırılmır. Təklifin yüksələcəyi halda bu neft bazarında qiymət artımlarına səbəb olacaq.
Üçüncüsü, ABŞ gələn il böyük həcmli iqtisadi dəstək paketini reallaşdırmağı qərarlaşdırıb. Oxşar paketlər Avropa Birliyində də gözlənilir. Bu, real sektorda canlanmaya səbəb ola və neftə tələbi artıra bilər. Nəhayət, gələn il ticarət savaşlarının da yumşalacağı gözlənilir ki, qlobal iqtisadiyyata bu da yeni stimul verə bilər.
Bütövlükdə, neft hasilatçıları bu ildən fərqli olaraq 2021-ci ilə daha nikbin baxırlar. Gələn il qlobal və milli səviyyələrdə iqtisadi aktivliyin daha yüksək olacağı da gözləniləndir”.