24 Mart 2021 19:41
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qlobal valyuta bazarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunmaqdadır. Avro da dollara nisbətən dəyər itirməkdədir. Bir müddət əvvəl 1 avro almaq üçün 1.20 dollar ödəmək lazım idisə, indi məzənnə 1.18-dək azalıb. Bugünkü birja nəticələrində dollar demək olar, bütün səbət valyutalara nisbətən möhkəmlənib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

İqtisadçı qeyd edib ki, Türkiyə lirəsindən sonra Rusiyada da milli valyuta dollar qarşısında dəyərsizləşib: “Belə ki, 1 həftə öncə 1 dollar üçün 72 rubl ödəmək lazım idisə, indi bu rəqəm 76 rubladək dəyişib. Dolların səbət valyutalara nisbətən dəyər qazanması Birləşmiş Ştatlarda yeni fiskal stimullaşdırma paketi hazırlaması və Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti normallaşdırmaq cəhdləri ilə bağlıdır.

Bu arada “Fitch” agentliyi ABŞ üçün 2021-ci ildə iqtisadi artım proqnozunu 4.5 faizdən 6.2 faizədək yüksəldib. Bununla yanaşı, bir sıra ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə milli valyutaların ABŞ puluna nisbətən ucuzlaşmasının yerli spesifik səbəbləri də var”.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda valyuta bazarında Mərkəzi Bankın intervensiyası hələ də həlledici olaraq qalmaqdadır: “Bu baxımdan, qlobal valyuta bazarındakı dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər