31 Mart 2021 15:51
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Regionun aparıcı ölkələrində milli valyutalarının ucuzlaşması Azərbaycanın valyuta bazarına iqtisadi deyil, daha çox psixoloji təsir göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, qonşu ölkələrdə milli valyutaların dollara nisbətən dəyər itiriməsinə Mərkəzi Bank münasibət bildirib: “Açıqlamadan aydın olur ki, növbəti dövrlərdə də manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq. Bununla yanaşı, Mərkəzi Bankın açıqlamasından da göründüyü kimi neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur. Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır.

Hazırda neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədə hesab oluna bilər. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır”.

Vüqar Bayramov qeyd edib ki, həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır: “Türkiyə ilə 4.5 milyard dollara yaxın, Rusiya ilə 3 milyard dollardan artıq ticarətimiz var. Bu, ümumi xarici ticarət dövriyyəmizin 23 faizi deməkdir. Bu baxımdan, əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərin xarici ticarət dövriyyəmizə təsirlərini minimumlaşdıran fəaliyyətlərin genişləndirilməsi də məqsədəuyğundur”.


Müəllif: Yeganə Oqtayqızı