Rusiya ilə Ukrayna arasında güclənən gərginlik qlobal qida məhsullarının bahalaşmasına səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu Hollandiyanın maliyyə xidmətləri şirkəti “Rabobank” yayıb.
Bildirilir ki, Rusiya bu yaxınlarda Qara dənizdən Azov dənizinə gedən yeganə keçid olan Kerç boğazını hərbi gəmilərə bağladı. Bu qadağa ticarət gəmilərinə tətbiq olunacağı təqdirdə ixrac dayandırılacaq.
“Rabobank” Ukraynanın qlobal buğda ixracatının təxminən 10 faizini, arpa ixracatının isə 16 faizini təşkil etdiyini vurğulayır. İxracatda pozulmaların son zamanlar artan qida inflyasiyasında yeni bir yüksəlişə səbəb olacağı ehtimalı var.
Şirkətin analitiki Dennis Voznesenski Ukraynanın taxıl ixracatının təqribən 5 faizinin Azov dənizindəki 2 liman vasitəsilə icra edildiyinə diqqət çəkib: “Rusiyanın bu qadağası ticarət gəmilərinə də şamil edilərsə, Ukrayna üçün böyük bir problem olar. Ən böyük risk qarşıdurmanın digər limanlara da təsir etməsidir. Bu isə dünya miqyasında qida sektoruna öz təsirini göstərəcək".