Xəbər verildiyi kimi, Kəlbəcərin qızıl yataqları türk şirkətlərinə verilib. Ötən gün Prezident İlham Əliyevin Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında imzaladığı sərəncama əsasən, Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə 30 il müddətinə müqavilə əsasında istifadəyə verilb.
Məlumat üçün bildirək ki, Türkiyənin “Cengiz” holdinqinə məxsus olan mis məhsullarının istehsalı üzrə ixtisaslaşmış “Eti Bakır A.Ş.” şirkətinin baş ofisi İstanbulda yerləşir. “Cengiz” holdinq İstanbul hava limanını, Azərbaycanda Şəmkirçay su anbarını tikib. “Cengiz” holdinqin sahibi və rəhbəri Türkiyənin məşhur iş adamı Mehmet Cengizdir. O “Eti Bakır A.Ş.” şirkətini 2004-cü ildə özəlləşdirərək holdinqə qatıb.
“Artvin Maden A.Ş.” isə Türkiyəli iş adamı Ömer Faruk Kalyoncuya aid olan “Zirve” holdinq ortaklığındadır.
Yataqlara gəlincə, onlar arasında Ağduzdağ yatağı sənaye əhəmiyyəti daşıyır. Kəlbəcər rayonunun cənub-şərqində yerləşən yatağın ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılıb ki, onlardan beşində sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunub. Qızılın orta miqdarı 6.72 q/t olub. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1.5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı süxurların hesabına ehtiyatların 3-4 dəfə artması ehtimal olunur.
İqtisadçı Elman Sadıqov sərəncamı Teleqraf.com-a şərh edərkən işğaldan azad olunan bölgələrdə müəyyən strateji yerlərin olduğunu deyib. O, bunlardan birinin qızıl yatağı olduğunu bildirib: “Bu yataqların xarici şirkətə verilməsi çox önəmli idi. İstər 44 günlük Vətən Müharibəsindən öncə, istərsə də müharibə dövründə Türkiyə Azərbaycana ən yaxın müttəfiqliyini göstərən bir dövlət olub. Bunun isbata ehtiyacı yoxdur.
Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən, bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Artıq deyilənləri addım-addım yerinə yetiririk. Bu mənada Türkiyənin işğaldan azad olunmuş bölgələrin bərpa prosesinə cəlbi gözləniləndir.
Dünyada qızıl emalı sahəsində Türkiyənin tanınmış şirkətləri var. Əgər şirkət qızıl külçə hazırlayırsa və ya qızıl emal edirsə, beynəlxalq fondlar tərəfindən sertifikatlar təqdim etməlidir. Bununla da hazırlanan qızıl külçələr dünya səviyyəsində tanımalı və qəbul olunmalıdır. Bu mənada türk şirkətləri dünyada nüfuz qazanıb. Hesab edirəm ki, həm siyasi, həm iqtisadi, həm də səmərəlilik nöqteyi-nəzərdən həmin yataqların türk şirkətlərinə verilməsi məqsədəuyğundur. Bundan sonrakı mərhələlərdə başqa sahələr üzrə müttəfiq dövlətlərin şirkətlərin cəlb olunması gözləniləndir”.
Maraqlıdır, Kəlbəcərdəki yataqların işlənməsinə yerli şirkətlərin cəlbi daha çox səmərəli olardı, yoxsa xarici?
Mütəxəssis burada incə məqamların olduğu qənaətindədir: “Qızıl strateji məhsuldur. Öncə qeyd edim ki, Azərbaycanın külli miqdarda qızıl ehtiyatı yoxdur. Kəlbəcərdəki qızıl dünyada böyük qızıl yataqlarına sahib ölkələrin ehtiyatları qədər deyil. Dünyada prosedur fərqlidir. Qızıl istehsalı və emalı ilə məşğul olan yerli və ya xarici şirkətlər həmin məhsulu ölkənin özünə yerli valyutada satırlar. Alınan qızıl valyuta ehtiyatlarına daxil edilir. Bu proses Azərbaycan üçün yenidir.
İndiyədək bu məsələlər haqqında az eşitmişik. Əslində, bir ölkədə olan qızıl həmin ölkənin birbaşa strateji əhəmiyyətli məhsuludur və bu qiymətli metal həm də ölkənin qızıl və valyuta ehtiyatlarının tərkibində nəzərə alınır. Sistem belədir ki, adətən ölkə qızıl çıxaranda onu yerli şirkətdən milli valyuta ilə alır və ehtiyat yığır. Hər bir ölkənin əvvəlcədən müəyyənləşdirdiyi strateji hədəfləri olur. Yəni ölkə onun qızıl, milli və xari valyuta ehtiyatının nə qədər olması öncədən hədəfləyir.
Azərbaycan ərazisindən çıxarılan qızıl da xarici və ya yerli istehsalçı şirkətdən manatla alınıb qızıl və valyuta ehtiyatına daxil ediləcək. Nəticədə ölkənin qızıl ehtiyatı valyuta xərcləmədən birbaşa manatla artmış olacaq. Daha sonra lazım olarsa, bu ehtiyatların xaricə dollarla satışı təşkil olunacaq.
Rentabellik məsələsinə gəlincə, heç bir mütəxəssis yerli, yaxud xarici şirkətlərin cəlbinin daha rentabelli olması ilə bağlı kənardan rəy verə bilməz. Bunun deyə bilmək üçün yerli və ya xarici istehsalçı şirkətə aid müəyyən məlumatlar olmalıdır. İlk növbədə şirkətin qızılı çıxararkən maya dəyəri və mənfəət bölüşdürülməsi nə qədərdir – bunları bilmək vacibdir.
İlkin olaraq kənardan baxanda xarici şirkət olduğu üçün onların da payının olduğunu düşünürük. Bu zaman biz niyə mənfəəti bölüşdürürük, gərək prosesə yerli şirkət cəlb olunardı kimi bir yanaşma yaranır. Amma burada incə məqamlar var. Xarici şirkətin təcrübəsi yüksək ola bilər və yaxud da hansısa texnologiyalardan istifadə edərək həmin qızılı daha az maliyyə hesabına çıxara bilər.
Hazırda dünya bazarında qızılın bir unsiyası 1900 dollardırsa, bu o demək deyil ki, fiziki qızıl da həmin qiymətə satılır. Hər iki qızıl arasında 100-150 dollara qədər fərq var.
Bundan əlavə, çıxarılan qızıl satılacaqmı, yoxsa ölkənin rezervində qalacaq, yaxud hara satılması kimi suallara dəqiq cavab vermək üçün ciddi təhlillər aparılmalıdır. Bu təhlil ilk növbədə müqavilənin şərtləri əsasında, daha sonra yerli və xarici şirkətlərin qızıl çıxararkən maliyyətinin nə qədər olacağını bilməklə aparılmalıdır. Bu rəqəmləri analiz etdikdən sonra dəqiq fikir bildirmək olacaq, əks halda deyilən fikirlər qeyri-ciddidir”.
Analitik hesab edir ki, bərpa prosesində iştirak etməyə haqqı olan dövlətlər var: “Müharibə dövründə yanımızda olmayan, susqunluq nümayiş etdirən, bəzi hallarda əleyhimizə bəyanatlar səsləndirən dövlətlər də azad olunmuş bölgələrə maraq göstərə və ya hansısa layihələrdə iştirak etmək istəyə bilərlər. Məlum müqavilə həmin dövlətlərə bir mesajdır ki, prosesdə iştirak etmək istəyirdinsə, yolunu və mövqeyini əvvəlcədən düzgün seçərdin.
Ümumiyyətlə, qızıl elə bir strateji məhsuldur ki, oradan ölkəmizlə qonşu dövlətlərin hamısı pay almaq istəyir. Amma həmin dövlətlərin şirkətinin bölgədə olması Azərbaycanın starteri maraqlarına nə dərəcədə uyğun olub-olmaması sual altındadır. Bu mənada Azərbaycan həmin yataqları Türkiyə kimi bir dövlətin şirkətlərinə verməklə öz işini bəri başdan sığortaladı.
Siyasi arenada olduğu kimi, iqtisadi sahədə də Türkiyə ilə daha yaxşı dil tapıb, uzlaşa bilirik. Türkiyənin Qarabağdakı bərpa prosesində daha çox pay almasına və iştirak etməsinə mənəvi haqqı çatır.
Eyni zamanda yerli şirkətlər bölgədə qızıl çıxararkən hanısısa təxribat və ya çətinliklə üzləşə biləcəyi ehtimalı da var. Qüdrətli türk bayrağı altında Türkiyə şirkətlərinin bölgədə olması xırda təxribatların, hansısa ölkələrin haqsız yerə nəsə umması kimi məsələlərin qarşısını alacaq. Deyərdim ki, həmin yataqları təkcə yerli şirkətlər istismar etsəydi, müxtəlif dövlətlər təzyiq edəcəkdi”.