2 İyun 2021 17:14
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəmizdə aparılan kütləvi peyvəndləmə prosesinin sürətlənməsi və pandemiyaya qarşı mübarizə tədbirlərinin uğurlu olması COVID-19 infeksiyasına yoluxmaların sayında ciddi azalmalara gətirib çıxarıb. Hazırda peyvəndləmə məntəqələrində insanların sıxlığı müşahidə olunur ki, bu da yaxın günlərdə daha müsbət rəqəmlərə gətirib çıxaracağını deməyə imkan verir. Bu, eyni zamanda ölkəmizi post-pandemiya dövrünə yaxınlaşdırır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputat Azər Badamov deyib.

O bildirib ki, pandemiya əhalinin yaşayışına və ölkənin iqtisadiyyatına zərər vurub: “Düzdür, dövlətimiz insanlara və sahibkarlıq subyektlərinə pandemiyanın təsirlərinin azaldılması üçün maliyyə dəstək proqramlarını icra etmişdi. Amma ölkə iqtisadiyyatına pandemiyanın təsiri böyük olub. Pandemiyadan ən çox zərər görən sahə turizm sektorudur.

1 ilə yaxın ölkəmizin turizm sektoru iflic vəziyyətinə düşüb. Buna baxmayaraq, son 6 aya yaxın bir müddətdə koronavirusa yoluxmalarda azalmalar müşahidə olunur. Nəticədə pandemiyanın tələblərini gözləməklə daxili turizmin fəaliyyətinin bərpasına icazə verilib. Sərhədlərin uzun müddət bağlı qalması xarici turistlərin ölkəmizə gəlməsini məhdudlaşdırmışdı. İndi yavaş-yavaş sərhədlərin açılması, xarici vətəndaşların ölkəmizə gəlişi üçün icazələr verilir.

Pandemiyaya qədər turizm sektorun ölkəmizin iqtisadiyyatında xüsusi yeri olub. Bir ildə 3,2 milyona yaxın xarici vətəndaş ölkəmizə səfər edirdi. 2019-cu ildə xarici turistlərin ölkəmizdə xərclədiyi vəsaitin həcmi 4,5 milyard manat olduğu qeyd olunur. Əslində, bu vəsaitlər xarici valyutada ölkəmizə daxil olur. Təbii ki, bu rəqəmin makroiqtisadi sabitliyin təmin olunmasında xüsusi yeri olub və pandemiya ilə yaşadığımız son il yarım ərzində bu vəsaitdən ölkə iqtisadiyyatı məhrum olub”.

Azər Badamovun sözlərinə görə, pandemiyaya qədər turizm sektorunun sıçrayışında Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər böyük rol oynayıb: “O cümlədən “Formula-1” yarışlarının da ölkəmizin tanıdılmasında xüsusi yeri olub. Turizm sektoru gəlirli sahə olduğundan post-pandemiya dövrü başlayanda xarici turistlərin cəlb edilməsində ölkələr arasında böyük mübarizə başlanacaq. Ölkəmiz də bu mübarizəyə qabaqcadan hazırlaşır və dünya turizmdə xüsusi paya nail olmaq niyyətindəyik.

Ölkəmizdə keçiriləcək “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyunu xarici turistlərin ölkəmizə marağının artırılması baxımından xüsusi əhəmiyyətə malik olacaq. “Formula-1” yarışlarının auditoriyası 500 milyon nəfərdən çoxdur və məhz bu oyunların keçiriləcəyi dövrdə bütün dünyanın diqqəti ölkəmizə fokslanacaq.

Təbii ki, yarışlar çərçivəsində biz dünya auditoriyasına ölkəmizin turizm potensialını, işğaldan azad olunmuş ərazilərin turizm imkanlarını müxtəlif video-roliklər vasitəsilə nümayiş etdirəcəyik. Düşünürəm ki, bu çox maraqlı olacaq və ölkələr arası sərhədlərdə yumşalmalar baş verdikcə Azərbaycan turistlərin ilk səfər etmək istədikləri ölkələrin sırasında yer alacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər