Rusiya Federasiyasının bir hissəsi olan Tatarıstan Respublikasında iyulun 28-30-da "12-ci Kazan Sammiti 2021" zirvəsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, sammitə beynəlxalq təşkilatlar, dövlət və maliyyə qurumlarının nümayəndələri, səfirlik rəsmiləri, siyasətçilər, investorlar və iş adamları qatılacaq.
Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında ticari-iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələrin gücləndirilməsi və Rusiyada İslam maliyyə qurumlarının inkişafını təşviq etməyi hədəfləyən sammit yeni əməkdaşlıqların qurulmasına imkan verəcək.
Əsas mövzusu şüurlu istehlak olan zirvədə tərəfdaşlıq maliyyəsi, halal sənaye, gənclər diplomatiyası, tibb, idman, yaradıcı sənaye, ixracatın inkişafı, iş və investisiyalar kimi mövzular da müzakirə ediləcək.
Tatarıstan İnvestisiya Agentliyinin rəhbəri Taliya Minullina sammitin hər il fərqli bir gündəmlə toplandığını bildirib. O, İslam dünyası ilə qarşılıqlı əlaqənin Rusiya Federasiyası üçün sərmayələri artırmaq üçün perspektivli olduğunu deyib.
Sonuncu dəfə 2019-cu ildə təşkil olunan zirvəyə 72 ölkədən 5 min nəfər qatılmışdı.