“Mərkəzi Bankın elan etdiyi statistikaya əsasən, bankların kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasındakı yüksək fərq hələ qalmaqdadır. Belə ki, Mərkəzi Bankın hesablamalarına görə, banklar xarici valyutada depozitlərə orta hesabla 1.76 faiz dividend ödədiyi halda dollar kreditlərini orta hesabla 5.18 faizlə təklif edirlər. Rəsmi statistika göstərir ki, xarici valyutada kreditlərlə depozit dividendləri arasında 3 dəfə fərq var. Yəni, banklar cəlb etdikləri depozitləri 3 dəfə daha baha şəkildə kredit formasında təklif edirlər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, manatla depozitlərə orta hesabla 8.62 faiz ödənilir: “Manatla kreditlər üzrə orta faiz isə 13.75 faizdir. Fiziki şəxslər üzrə orta kredit faizi isə 16 faizdən çoxdur. Rəsmi rəqəmlərin müqayisəsi göstərir ki, manatla orta kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasında da fərq az deyil. Qeyd etmək lazımdır, Mərkəzi Bankın elan etdiyi bu göstəricilər orta rəqəmlərdir. Sistem əhəmiyyətli bankların əksəriyyətində manat üzrə depozit faizləri 6 faizdir, xarici valyutada əmanətlərə isə, demək olar, dividend ödənilmir”.
Vüqar Bayramov deyir ki, kredit faizləri ilə depozt faizləri arasında mütənasibliyin formalaşması, xüsusən də ucuz kreditlərin təklif olunmasına nail olunması vacibdir: “Aydındır ki, kredit faizlərinin optimallaşdırılması üçün inzibati deyil, daha çox təşviqedici metodlardan istifadə edilməsi məqsədəuyğundur. Mərkəzi Bank tərəfindən bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.