“Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə anlaşma memorandumu imzalanıb. Sənəd ökələr arasında iqtisadi-ticari əlaqələrin genişlənməsinə xidmət etməklə, qarşılıqlı investisiya qoyluşlarının artırılmasını təşviq edəcək. Türkdilli ölkələrin inkişafı üçün vacib olan Türk İnvestisiya Fondu da üzv ölkələrə sərmayə qoyuluşlarının artmasına imkan verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirirlər: “Azərbaycan və Mərkəzi Asiyada yerləşən türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistanla oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək”.
Ekspert bildirir ki, Azərbaycanın Vətən müharibəsindəki zəfərindən sonra regiondakı düzən dəyişib: “Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox ümumi daxili məhsulu (ÜDM) olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da artıracaq.
Dəhliz türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yükdaşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq”.