Dünyada kəskin quraqlıq səbəbilə aclıq astanasında olan insanların sayı 45 milyona çatır.
Teleqaf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP, WFP) məlumat açıqlayıb.
Qeyd edilib ki, sözügedən rəqəm bu ilin əvvəlində 42 milyon, 2019-cu ildə isə 27 milyon olub.
Qlobal miqyasda aclığın qarşısının alınmasına çəkilən xərclər 6,6 milyard dollardan 7 milyard dollara yüksəlib.
Açıqlamada bildirilir ki, 42 milyondan 45 milyona qədər artım hesabatı Efiopiya, Haiti, Somali, Anqola, Keniya və Burundi (60 mindən 240 minə), o cümlədən Əfqanıstanda aclıqla üzləşən 3 milyon insanın ərzaq təhlükəsizliyinə dair məlumatlarına əsaslanır.
ÜƏP-in icraçı direktoru Devid Bisli 45 milyon insanın münaqişələr, iqlim dəyişikliyi və COVID-19 səbəbiylə aclıq astanasında olduğunu deyib: “Yanacaq, ərzaq qiymətləri artıb, gübrələr bahalaşıb və bütün bunlar indi Yəmən və Suriya kimi uzun müddətdir davam edən fövqəladə halları, eləcə də Əfqanıstanda baş verən yeni böhranları gücləndirir".