15 Noyabr 2021 13:28
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akdeniz Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin professoru Mustafa Yıldıran Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Mustafa bəy, noyabrın 12-də İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VIII Zirvə Toplantısı keçirildi. Sammiti necə qiymətləndirirsiz və gözləntilər nədir?

- Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VIII Zirvəsi tarixi bir zirvədir. Çünki bundan sonra qurumun fəaliyyətində mühüm dəyişikliklər olacaq. Məlumdur ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatına çevrildi ki, bu da böyük bir dəyişikliyin xəbərçisidir.

Bu il eyni zamanda SSRİ-dən ayrılan türk dövlətlərin müstəqillik qazanmasının 30-cu ildönümüdür. Hər bir türk dövləti iqtisadi və siyasi olaraq çox güclü bir mövqeyə sahibdir. Xüsusilə Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi dövlətlər iqtisadi cəhətdən böyük irəliləyiş əldə ediblər. Məsələn, Azərbaycan müstəqillik qazanandan bəri iqtisadiyyatı təxminən 10 dəfəyə yaxın böyüyüb ki, bununla da özünü güvəndə hiss edir.

Azərbaycan Qarabağ Zəfəri ilə birlikdə siyasi olaraq da çox uğurlu olduğunu göstərib. Avropa İttifaqından sonra türk dövlətlərinin müstəqil olaraq belə bir təşkilat qurması, uğurlu bir təşkilatın formalaşması baxımından mühüm bir göstəricidir.

Bu Zirvədə türk dövlətlərinin gələcəyə baxış strategiyası müəyyənləşib. Belə ki, 2040-cı ilə qədərə siyasi, iqtisadi, mədəni hədəflər planlanacaq. Təxminən 10 il içərisində bu əsas qərarlar zamanla dövlət təşkilatları tərəfindən yerinə yetiriləcək.

Vacib bir faktor İstanbulda ümumi katiblik mərkəzinin qurulmasıdır. Necə ki, Avropa İttifaqının Brüsseldə mənzil qərargahı var, eyni formada da İstanbulda Türkdilli Dövlətlər Təşkilatı olaraq bir-biri ilə əlaqələrini möhkəmləndirəcək. Bu, vacib bir amildir.

Türk dövlətləri arasında iqtisadi əməkdaşlıqda xarici ticarətin həcmi təxminən 10 milyard dollar civarındadır. Bu, çox böyük rəqəm deyil. Xüsusilə Azərbaycan və Qazaxıstan iqtisadiyyatı sürətlə böyüməkdədir və dünya enerji bazarında əhəmiyyətli yerdədirlər. Xüsusilə son inşa edilən boru kəmərləri ilə Avropaya nəql imkanları genişlənib. Bu da ölkələrin iqtisadi inkişafına təkan verəcək.

Türkiyə ilə əlaqələrə baxıldığı zaman bu 10 milyard dollarlıq rəqəmin gələcəkdə 20-30 milyard dollara qədər çatacağını proqnozlaşdırmaq olar.

- Görüş zamanı Türkiyənin ticarət naziri Mehmet Muş türkdilli ölkələrə ikitərəfli ticarətdə milli valyutaların payını artırmağı təklif edib. Sizcə, bu mümkündürmü?

- Hesab edirəm ki, Ticarət nazirinin türk lirəsindən istifadə və ya ortaq bir valyutada əməliyyatların aparılması təklifi zaman alacaq. Bu, xüsusilə ticarətin inkişafı ilə əlaqəli olan bir məsələdir. Türk dövlətləri arasındakı investisiyalar, iqtisadi və enerji bazarlarındakı əməkdaşlıqlar artdıqca, bunun özlüyündən həyat keçəcəyini düşünürəm.

Zaman içərisində ortaq bir pul və ya səbət valyuta vahidi ola bilər. Bu səbət valyuta üzərindən ticarət əməliyyatları həyata keçirilə bilər. Bu, günümüzdə çox asandı. Məlumdur ki, artıq rəqəmsal valyutalarla bu kimi əməliyyatlar aparıla bilir. Ehtimal ki, zaman içərisində bu həllər müzakirə olunacaq. Bunun zamanla mümkün olduğunu düşünürəm.

- Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələr arasında qurulan ticarət əlaqələri necə davam edəcək?

- Türk dünyasını təmsil edən ölkələr arasındakı ticari əlaqələr xüsusilə enerji üzərindən inkişaf etməkdədir. Ancaq unutmaq olmaz ki, Türkiyə ilə digər dövlətlər arasındakı xüsusilə tikinti sektorundakı əlaqələr zamanla artaraq davam edəcək. Kənd təsərrüfatı və ərzaq sahəsində də əməkdaşlığın artacağı qənaətindəyəm. Bu sektorda böyük bir boşluq var və bu ölkələr bir çox fürsətlər qazanacaqlar. Getdikcə bu üstünlüklər nəzərə alınacaq.

Məlumdur ki, türk dünyasının Türkiyə vasitəsilə dənizlərə açılma fürsəti var. Afrika, eləcə də Avropa ilə əməkdaşlıq etməyin yolu buradan keçir. Yaponiyadan, Çindən, Hindistandan başlayan ticarət şəbəkə işinin Türkiyə və Azərbaycan vasitəsilə buralara çatması türk dünyasının starteji əhəmiyyətini, o cümlədən əməkdaşlıq seçimlərini də artıracaq.

İpək Yolu türk dünyası üçün əhəmiyyətli bir yerə malikdir. İpək Yolu layihəsi zatən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Bakı–Tiflis–Qars dəmir yolu xətti ilə inkişaf etməkdədir. Bu layihəyə Özbəkistan da daxil olduqdan sonra Yaponiya və Koreyaya çatan yeni ticarət xətləri ilə birlikdə daha fərqli alternativlər ortaya çıxacaq. Dünya iqtisadiyyatını, qlobal rəqabəti belə təşviq edə bilən inkişaflara gətirib çıxacağını düşünürəm. Vacib olan bu ölkələrin sabit və müstəqil bir şəkildə siyasətlərini yaratmaq gücüdür.

Məlumdur ki, Macarıstan Avropa İttifaqının üzvüdür. Bununla belə, Macarıstan uzun müddətdir ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində görüşlərdə iştirak edir. Bu da qarşıdakı dövrlərdə təşkilatın çox geniş iqtisadi və siyasi təsirlərinin olacağı ehtimalını artırır.


Müəllif: Yeganə Oqtayqızı