Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya xam neft ehtiyatları 200 min barel (0,1%) azalaraq təxminən 432 milyon 900 min barelə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) məlumat açıqlayıb.
Bazar gözləntisi ehtiyatların 2 milyon barel artacağı yönündə idi.
Hesabata görə, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 1 milyon 700 min barel (0,3 faiz) azalaraq 600 milyon 900 min barelə düşüb.
Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 3 milyon 900 min barel (1,8 faiz) artaraq 219 milyon 300 min barelə çatıb.
ABŞ-ın xam neft idxalı gündəlik orta hesabla 105 min barel azalaraq 6 milyon 499 min barel, ixracı isə gündəlik orta hesabla 434 min barel azalaraq 2 milyon 270 min barel olub.
Ölkənin gündəlik xam neft hasilatı isə 100 min barel artaraq təxminən 12 milyon 154 min barelə çatıb.
EIA-nın hesabatına görə, ABŞ-ın orta gündəlik xam neft hasilatının bu il gündəlik 11 milyon 130 min barel, gələn il isə 11 milyon 900 min barel olacağı gözlənilir.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında neftin qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.