24 Yanvar 2022 16:40
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib. Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.

Qısamüddətli dövrdə hökumətə inflyasiyanı, ərzaq təhlükəsizliyini və ərzaq təminatını nəzarətdə saxlamağa imkan verən hədəflər, proqramlar nə olmalıdır?

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində 2000-ci illərdən proqram qəbul edilib: “Burada əsas məqsəd yerli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, ərzaq qiymətlərinin əhali üçün əlçatanlığını saxlanması və kəskin ərzaq qıtlığının qarşısını almaqdır. Hazırda yerli kənd təsərrüfatı məhsullarının istehsalçılarına Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlərin verilir, vergi güzəştləri tətbiq olunur, istehsalçıların rahat fəaliyyəti üçün müxtəlif inzibati problemlər aradan qaldırılır. Bu kimi addımlar mütəmadi atılır.

Ancaq düşünməməliyik ki, ərzaq təhlükəsizliyi dedikdə istehlak məhsullarının hamısı ölkə daxilində istehsal olunmalıdır. Bu, səhv yanaşmadı. Azərbaycan nə Rusiya, nə Qazaxıstan, nə də Ukrayna kimi geniş torpaq, su resurslarına malik deyil. Bu sadalanan məqamlar ciddi problemdir. Kənd təsərrüfatına yararlı ərazilərimiz böyük deyil, iqlim şərtləri keyfiyyətli və kifayət qədər məhsul istehsalı üçün yetərli deyil. Ərazilərimizin böyük hissəsi yarımsəhra, şoranlaşmış torpaqlardır. Belə bir şəraitdə istehlak olunan bütün ərzaq məhsullarını ölkədə istehsalı mümkün deyil”.

İqtisadçının qənaətincə, ölkənin əsas məqsədi əhalini dayanıqlı ərzaqla və kifayət qədər əlçatan qiymətlə təmin etməkdir: “Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Ehtiyatları Agentliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən hazırlanacaq çevik və kompleks anti-inflyasiya proqramı qısamüddətli dövrdə hökumətə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə bilər. Zəruri istiqamətlərdə ölkənin tələbatına uyğun ehtiyatlar formalaşdırılır, xüsusən də istehsalçı ölkələrlə uzunmüddətli müqavilələr bağlanır. Bununla yanaşı yerli istehsalın səmərəli təşkili ilə bağlı əhatəli işlər görülür”.

Xalid Kərimli subsidiyalaşdırmanın həcminə və önəminə də diqqət çəkib: “Mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb edir. Hesab edirəm ki, həmişə subsidiya hesabına ayaqda qalmağa çalışan sahələri ləğv etmək lazımdır. Bundansa daha uzunmüddətli müqavilələr bağlayaraq ərzaq ehtiyatlarının formalaşdırılması üçün ehtiyatların çeşid və həcmlərinin müəyyən edilməlidir. Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunmasıdır”.

Süni qiymət artımına qarşı hansı tədbirlər effektiv ola bilər?

Analitik deyir ki, bazar iqtisadiyyatında süni qiymət sahibkarların qoyduğu qiymət deyil: “Süni qiymət inhisarçıların təyin etdiyi qiymətdir. Yəni öz mövqeyindən istifadə edərək bazar şərtlərini öz xeyirlərinə dəyişdirib istədiyi qiyməti qoyurlar. Süni qiymət kiçik və orta sahibkarın qoyduğu qiymət deyil. Əgər böyük oyunçuların bazarda 35 faiz payı varsa, bazarda hökmran mövqeyi varsa, əminəm ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti buna nəzarət edir. Xüsusən strateji məhsullarda qiymət artımı Dövlət Xidmətinin birbaşa vəzifəsidir. Elan etmişdilər ki, un məhsullarına nəzarət olunur”.


Müəllif: Yeganə Oqtayqızı