21 Noyabr 2014 16:05
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması məqsədilə maarifləndirmə tədbirləri keçirir.

“Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti belə tədbir noyabrın 21-də Mingəçevirdə keçirilib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev əvvəlcə 2014-cü ilin yanvar-oktyabr aylarında Dövlət Xidməti tərəfindən keçirilmiş nəzarət tədbirləri barədə məlumat verib. Bildirilib ki, bu ilin 9 ayı ərzində mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 46,3 ton ərzaq və 0,3 ton qeyri-ərzaq malları qanunamüvafiq qaydada satışdan çıxarılaraq məhv edilib.

Qeyd olunub ki, 2014-cü ilin əvvəlindən ötən dövr ərzində istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində 16 adda 75 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb.

Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbir iştirakçılarına məlumat verilib, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və “Facebook” səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

Tədbirin sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər