Beynəlxalq kredit reytinqi agentliyi “Standard & Poor's” (S&P) Rusiya və Ukraynanın kredit reytinqini aşağı salıb.
Teleqraf.com xəbər verir ki, müvafiq açıqlamada Rusiyanın xarici valyutada uzunmüddətli kredit reytinqinin “BBB-”dən “BB+”ya, yerli valyutada uzunmüddətli kredit reytinqinin isə “BBB”dən “BBB-”yə endirildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkənin bank sisteminin böyük hissəsi də daxil olmaqla, güclü beynəlxalq sanksiyalara səbəb olub.
Açıqlamda deyilir ki, geosiyasi münaqişənin təkamülü və mövcud məhdudiyyətlərin, eləcə də əlavə sanksiyaların son iqtisadi və maliyyə nəticələri ilə bağlı qeyri-müəyyənlik yüksəkdir.
Ukraynanın kredit reytinqi də aşağı salınıb
Digər tərəfdən, “S&P” Ukraynanın da uzunmüddətli xarici valyuta və yerli valyutada kredit reytinqinin "B"dən "B-"yə endirildiyini açıqlayıb.
Bəyanatda Rusiyanın Ukraynaya hərbi hücumunun Ukraynanın iqtisadi artımı, maliyyə sabitliyi, xarici mövqeyi və dövlət maliyyəsi üçün risk yaratdığı qeyd edilib.