3 Mart 2022 18:24
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilə müharibənin Rusiyaya neçəyə başa gəldiyi açıqlanır. Səkkiz gündür davam edən müharibənin ilk 5 günü Rusiya 7 milyard dollar xərcləməli olub.

Teleqraf.com xəbər verir ki, bu, “İqtisadi Bərpa”, “EasyBusiness” beyin mərkəzləri və “Civitta” konsaltinq şirkəti tərəfindən aparılan araşdırmada yer alıb.

Tədqiqatda deyilir ki, müharibədən birbaşa itkilər, o cümlədən aşkar edilə bilən hərbi texnika və şəxsi heyət itkisi Rusiyaya ilk 5 gündə təxminən 7 milyard dollar aparıb.

Tədqiqatçılar səfərbərliyin miqyası, o cümlədən logistika, şəxsi heyət, döyüş sursatı, yanacaq, raket buraxılışının hər gün daha çox pula başa gələcəyini ifadə edib. Savaşın miqyası artdıqca Rusiya üçün müharibə xərcinin 20 milyard dolları keçə biləcəyi bildirilib.

Digər tərəfdən, beynəlxalq ictimaiyyətin Rusiya iqtisadiyyatında sabitliyi pozmaq və təcavüzün qarşısını almaq məqsədilə tətbiq etdiyi sanksiyalar səbəbindən rublun dəyəri tarixi səviyyələrə düşüb.

Ticarət məhdudiyyətlərinin Rusiyanın enerjidən asılı olan iqtisadiyyatına böyük ziyan vuracağı gözlənilsə də, yüksək texnologiyalı məhsulların idxalına qadağa qoyulmasının orta və uzunmüddətli perspektivdə dəyər zəncirlərinə də təsir edəcəyi vurğulanıb. Bu vəziyyətin isə sıravi Rusiya vətəndaşları üçün yüksək inflyasiya və aşağı alıcılıq qabiliyyəti demək olacaq və yoxsulluğun artacağına gətirəcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər