6 Aprel 2022 14:16
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup alim və filoloq Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, ziyalılar ölkədə “Dövlət dili haqqında” qanunun pozuntusundan narahatdır.

Müraciətdə deyilir: “Xalqımızın mənəvi sərvəti, dövlət müstəqilliyinin başlıca rəmzlərindən olan Azərbaycan dilinin öz ana yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur. Bakının küçə və prospektləri əcnəbi dillər tərəfindən “işğal olunub”. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin keçirdiyi monitorinq zamanı məlum olub ki, paytaxtın mərkəzi küçə və prospektlərdə ticarət və xidmət obyektlərinin 70-80 faizində dövlət dilindən istifadə edilmir.

Bəzi yerlərdə vəziyyət daha acınacaqlıdır. Məsələn, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da Azərbaycan dilindən istifadə edilməyib. Ötən illərdə məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər edilib. Belə görünür, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər”.

Həmçinin, o da qeyd olunub ki, Bakı küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir: “Dövlət dili haqqında” qanuna əməl edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib xalqın milli-mənəvi dəyərlərindən birincisi olan dilimizi sıxışdırması təkcə ədəbi dilə qarşı hörmətsizlik deyil, həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir.

Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması təsbit edilib. Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmalıdır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu da dövlət dilində olmalıdır".

Müraciət müəllifləri parlament sədri ilə görüşmək istədiklərini bildiriblər: "Hörmətli Sahibə xanım, deyilənləri nəzərə alaraq, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi xahiş edirik. Həmçinin istərdik ki, bir sıra əlavə məqamlara aydınlıq gətirmək üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul edəsiniz”.

Qeyd edək ki, müraciəti ümumilikdə 219 ziyalı imzalayıb.


Müəllif: Yeganə Oqtayqızı