28 Aprel 2022 13:17
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Polşa və Bolqarıstana mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib. Qədim qitə alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da hələlik və bəlli bir müddət “Qazprom” Avropada dominatlığını qoruyub saxlamağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

İqtisadçı Azərbaycanın mavi qaz hasilatını artırmaqda davam etdiyinə diqqət çəkib: “Bu ilin ilk rübündə Azərbaycanda 11,8 milyard kub metr təbii qaz hasil edilib. Qazın 3,5 milyard kubmetri Azəri-Çıraq-Günəşli (AÇG) yatağından, 6,4 milyard kubmetri “Şahdəniz” yatağından, 1,9 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Həmin dövrdə xaricə qaz satışı 5,9 milyard kubmetr təşkil edib. Türkiyəyə 2,2 milyard kubmetr, Avropaya 2,6 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Türkiyəyə TANAP-la bu müddətdə 4 milyard kubmetrdən çox qaz nəql olunub.

Bu o deməkdir ki, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı 12.0, ixracatı isə 15.3 faiz çoxalıb. Avropaya qaz ixracatı isə 2.4 dəfə artıb. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 3 milyard kubmetr, Avropaya 1,1 milyard kubmetr, Gürcüstana isə 784 milyon kubmetr qaz ixrac edilmişdi.

Qeyd edək ki, ötən ilin birinci rübündə ölkəmizdə 10,4 milyard kubmetr qaz hasil edilmişdi. Qazın 3,4 milyard kubmetri AÇG yatağından, 5,1 milyard kubmetri “Şahdəniz” yatağından, 1,9 milyard kubmetri isə SOCAR tərəfindən hasil olunmuşdu”.

Vüqar Bayramov müşahidələrinə əsasən, Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın rolu artır: “2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kubmetrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyinin daha gücləndirir”.


Müəllif: Yeganə Oqtayqızı