22 İyun 2022 18:26
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taxıl yüklü gəmilərin Ukraynadan çıxması üçün həyata keçirilən “qırmızı xətt diplomatiyası” müsbət nəticələr verməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə, Ukrayna və Rusiya hərbi nümayəndə heyətləri Moskvada bir araya gəlib.

Prezident Rəcəb Tayyib Ərdoğanın ərzaq böhranının həlli istiqamətində diplomatik səyləri çərçivəsində Türkiyə milli müdafiə naziri Hulusi Akarın Rusiya müdafiə naziri Sergey Şoyqu və Ukrayna müdafiə naziri Oleksii Reznikov ilə keçirdiyi görüşlərdən sonra üç ölkə arasında “qırmızı xətt diplomatiyası” yaradılıb.

Ukrayna limanlarında gözləyən taxıl yüklü ticarət gəmilərinin boşaldılması, “Borispol” Hava Limanında qalan Türk Silahlı Qüvvələrinə aid təyyarələrin təhlükəsiz daşınması kimi məsələləri müzakirə etmək üçün dünən Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyaya gedib.

Moskvadakı görüş özünün ilk konkret nəticəsini verib. Belə ki, uzun sürən görüşün bitməsindən cəmi bir neçə saat sonra günlərlə gözləyən Türkiyə quru yük gəmisi Ukrayna limanını tərk edib. Türkiyənin “Azov Concord” adlı gəmisi Rusiya ordusu və separatçıların nəzarətində olan Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.


Müəllif: Yeganə Oqtayqızı