Türkiyədəki anbarlar Rusiya tranzit malları ilə dolub daşır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyədəki logistika şirkətləri açıqlayıb.
Bildirilir ki, embarqodan sonra Rusiyanın paralel idxalına zəmin yaradılması Türkiyəni bu ölkənin tranzit mərkəzinə çevirib. Başda Avropa İttifaqı və Uzaq Şərq olmaqla dünyanın bir çox yerindən Rusiyaya gedəcək mallar əvvəlcə Türkiyəyə gətirilir, konteyner dəyişdirilərək Rusiyaya göndərilir. Bu baxımdan Türkiyədəki anbarlar Rusiya tranzit malları ilə dolub daşır.
Dünyanın müxtəlif ölkələrindən gələn yüklər embarqo yoxlamasından sonra Türkiyənin müxtəlif limanlarına boşaldılır və mallar milliləşdirilmədən reeksport prosesi ilə Rusiyaya gedən gəmilərə ötürülür. Bənzər üsul bağlanmış ərazilərdə avtomobil nəqliyyatı üçün də istifadə olunur. Paralel idxalı reallaşdırmaq üçün bəzi rus şirkətləri Türkiyədə nümayəndəlik açaraq birgə əməkdaşlığa üstünlük verirlər.
Logistika sektorunun nümayəndələri paralel idxalın əsasən Türkiyədə şirkət qurmuş rusiyalı investorlar vasitəsilə həyata keçirildiyini bildiriblər. Verilən məlumata görə, rusiyalı iş adamları vətəndaşlıq almaq üçün Türkiyədə daşınmaz əmlak alır və yerli şirkət qururlar. Beləliklə, Uzaq Şərq və ya Avropa İttifaqı kimi ölkələrdən idxal etdiyi məhsulları Türkiyədəki şirkətləri vasitəsilə Rusiyaya göndərirlər.
Qeyd edək ki, Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov paralel idxal çərçivəsində ölkəyə gətirilən məhsulların ümumi həcminin 4 milyard dollara yaxınlaşdığını açıqlayıb.