15 Avqust 2022 18:26
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya üzrə ərzaq çatışmazlığı ilə bağlı böhranlı durum getdikcə dərinləşir. Bunun mənfi təsirləri postsovet məkanından da yan keçməyəcək. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən 2022-2023-cü illər ərzində postsovet məkanında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət gərgin olacaq.

İlkin proqnozlara görə, bu il və gələn il dünyada taxıl ehtiyatının həcmi “tələbatı ödəmək üçün kifayət olmayacaq”. Qlobal ərzaq çatışmazlığının kökündə bir sıra obyektiv faktorlar durur. Bunlardan biri iqlim faktorudur. Dünyanı ağuşuna alan daşğınlar, şaxtalı hava, ardınca da gələn quraqlıqlar məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı saldı. Avropa iqlim böhranın bir addımlığındadır. Belə ki, “köhnə kontinent” son 500 ilin ən pis quraqlığı ilə üzləşə bilər. Quraqlıqdan dolayı çaylar qurumağa başlayıb. Dünyanın ən iri tədarükçülərindən biri Avropanın isə ikinci ən iri meyvə və tərəvəz ixracatçısı olan Niderlandda ötən ayın ortalarında su defisitinin ola biləcəyini xarakterizə edən birinci səviyyəli təhlükə elan edildi. Hazırda təhlükə ikinci səviyyəyə kimi qalxıb. Bu isə artıq su çatışmazlığı ilə bağlı problemlərin başladığı anlamına gəlir. Analoji vəziyyət İtaliya, Fransa, İspaniya, Portuqaliya və Yunanıstanda da yaşanmaqdadır.

Qlobal ərzaq təhlükəsizliyi ciddi təhdid yaradan digər faktor Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir. Hər iki ölkə qlobal ərzaq təminatında əhəmiyyətli pay sahibidirlər. Dünyanın taxıla olan tələbatının 1/3-nə yaxını, günəbaxan yağına – 2/3-si Rusiya və Ukraynanın hesabına təmin edilir. Ukrayna həmdə günəbaxan yağı ixracı üzrə dünya lideridir. O, dünya üzrə qarğıdalı ixracına görə dördüncü, buğda ixracı üzrə 6-cı yerdə olub. Bu ölkə ənənəvi olaraq aqrar məhsullarının 90 %-ni limanlar vasitəsilə xarici bazarlara çıxarır. Müharibə başlayandan sonra isə Qara dəniz limanları, o cümlədən Odessa, Nikolayev və Mariupol limanları Rusiya hərbi gəmiləri tərəfindən bloklanıb. Ukrayna quru yolu ilə Avropa istiqamətində kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın ixracını təmin etsədə həmin logistik kanalların ötürücülük qabiliyyəti dəniz yolu ilə daşımalardan dəfələrlə aşağı idi. Belə ki, ölkə ərazisində xarici bazarlar üçün nəzərdə tutulmuş 25 milyon ton taxıl yığılıb qalıb. Türkiyənin vasitəçiliyi ilə ötən ayın 22-də Rusiya və Ukrayna tərəfi Qara dəniz vasitəsilə taxılın çıxarılması barədə razılaşma imzaladı. Avqustun əvvəlində isə taxılla dolu bir neçə gəmi Ukrayna limanlarından yola düşdü. Lakin bu addımın vəziyyəti əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişəcəyi az inandırıcı gəlir.

Əvvəla cəbhədəki vəziyyətdən asılı olaraq Rusiyanın bu razılaşmanı pozmaq imkanları qalmaqdadır. Razılaşmadan bir sutka keçməmiş Rusiya Odessa limanına raket zərbəsi endirdi. Qarşı tərəf limandakı hərbi hədəfləri nişan aldığını bildirildi. Taxıl infrastrukturuna ziyan dəymədiyi üçün texniki olaraq İstambul anlaşması pozulmuş sayılmır. Lakin bu hal razılaşmanın nə dərəcədə kövrək olmasının bariz nümunəsidir. Digər tərəfdən Ukraynada cari mövsümdə 14,2 milyon hektar kənd təsərrüfatı torpaqları əkilib ki, bu da ötənilki göstəricidən 2,8 milyon hektar azdır.

O ki, qaldı Rusiyaya burada da vəziyyət ürək açan deyil. Ölkə bu günə kimi heç bir ölkəyə qarşı tətbiq olunmayan sayda məhdudiyyətlər altındadır. Bu gün daxili tələbatın ödənilməsi ön plana çıxıb. Qiymət artımı və qıtlığın doğura biləcəyi sosial partlayışı önləmək üçün şəkər, taxıl kimi bir sıra strateji məhsulların ixracı məhdudlaşdırılıb. 2022-ci ildə ölkə taxıl ixracını 1,5 dəfə azaldıb. Bu isə dünya bazarındakı təklif üzərində əlavə təzyiq yaradır.

Rusiyada toxumçuluq sahəsindəki fəlakətli vəziyyət gələcək perspektivin ürək açan olamayacağından xəbər verir. Bu ölkə şəkər çuğunduru toxumlarına olan tələbatının 95 %-ni xaricdən alır. Qarğıdalı, kartof və günəbaxan toxumlarına olan ehtiyacın 60 %-i xarici mənbələr hesabına ödənilir. Sanksiyalardan dolayı toxum idxalı ilə bağlı ciddi problemlər yaranıb. Artıq Avropa İttifaqı Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləyir. Nə qədər ki, müharibə davam edəcək Rusiyaya qarşı məhdudiyyətlərin də ardı gələcək.

Görünən odur ki, vəziyyət getdikcə daha da pisləşəcək. Bu isə taxıla olan tələbatın əhəmiyyətli hissəsini xarici mənbələr hesabına ödəyən ölkələr üçün ciddi rislər yaratmaqda davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər