Almaniyanın noyabr ayı üçün nəzərdə tutulan qaz ehtiyatları üzrə hədəfi 95 faizdir. Lakin qaz anbarlarının doluluq səviyyəsinə çatması çətin olacaq. Əgər Rusiya qaz axınını tamamilə kəsərsə, bu ehtiyatlar yalnız 2-2.5 aya kifayət edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Mueller deyib.
O, hazırda anbarların doluluq səviyyəsinin 77% olduğunu bildirib: “Biz çənləri əvvəlkindən daha tez doldururuq, amma bu, rahatlaşacağımız anlamına gəlmir. Bu şəkildə də davam etməliyik”.
Mueller Agentliyin satınalmalarda bəzi sektorlara necə üstünlük veriləcəyi üzərində çalışdığını da qeyd edib: “Böhranın necə inkişaf edəcəyini bilmirik. İlk olaraq hansı istehlakçıların kəsintilərlə qarşılaşacağına dair dəqiqlik yoxdur. Şəffaf olmağa çalışırıq”.