17 Dekabr 2014 17:02
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com-un məlumatına görə, görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev beynəlxalq maliyyə institutları ilə, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə əməkdaşlığa böyük əhəmiyyət verildiyini qeyd edib. Bildirilib ki, QDTİB Azərbaycan iqtisadiyyatının özəl sektorunda fəal iştirak edən beynəlxalq maliyyə institutlarındandır və ölkəmizdə bir sıra layihələri maliyyələşdirib.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev son 10 ildə ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini bildirib. Nazir qeyri-neft sektorunun inkişafının prioritet olduğunu diqqətə çatdırıb. QDTİB-in 2015-2018-ci illər üzrə strategiyasında ölkəmizdəki fəaliyyət istiqamətlərinin müəyyənlşdirilməsi baxımından Azərbaycanın inkişaf prioritetlərinin nəzərə alması məqsədəuyğundur. Nazir Şahin Mustafayev 2015-ci il üçün Azərbaycan iqtisadiyyatına dair proqnozları Bank nümayəndələrinin diqqətinə çatdırıb, sənaye, İKT, kənd təsərrüfatı, aqroparkların yaradılması, məişət tullantılarının təkrar emalı və sənaye parkları sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.

Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti İhsan Uğur Delikanlı təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb. Uğur Delikanlı QDTİB-in Azərbaycanın inkişafında əhəmiyyətli olan layihələri dəstəklədiyini, hazırda daha iki layihəyə kredit ayrılması məsələsinin nəzərdən keçirildiyini bildirib.

Görüşdə QDTİB-lə əməkdaşlığın gələcək istiqamətləri barədə müzakirələr aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər