2 Fevral 2023 15:07
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 2-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Elm və Təhsil Nazirliyi, “bədii xalça” ixtisasında təhsil alan SABAH qrupları tələbələri, onların diplom rəhbərləri və digər müəllim heyəti “Azərxalça”nın Qobuda yerləşən xalça emalatxanasında "Xalça istehsalında bir gün" adlı tədbir təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilib ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası mərhum Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

İşıqlı, parlaq və gözəl gələcəyimizin qarantı olan gənclərin bu vacib gününü, 2 Fevral Azərbaycan Gəncləri Gününü “Azərxalça” ASC yaradıcı qrupu məhz gənclərlə birlikdə qeyd edib.

Tədbir zamanı xalçaçılıq ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri buraxılış işlərinin layihələrini və çeşnilərini təqdim ediblər. ADRA müəllim heyəti və “Azərxalça” yaradıcı qrupunun nümayəndələri buraxılış işlərini müzakirə edərək, onlara öz fikir və iradlarını bildiriblər.

Daha sonra gələcəyin xalçaçıları “Azərxalça”nın istehsalat üzrə mütəxəssislərinin rəhbərliyi ilə bu xalçaların istehsalının bədii-texniki xüsusiyyətlərini müzakirə edib, həmçinin istehsal prosesi ilə birbaşa tanış olublar. Tələbələr, həmçinin “Azərxalça”nın ən yaxşı toxucularından ustad dərsi alaraq, özlərini xalça toxuma prosesində də sınayıblar.

“Azərxalça” ASC ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında əməkdaşlığın davamı olaraq tələbələrin xalçalarının eskizləri əsasında 6 xalça “Azərxalça” emalatxanalarında toxunaraq tədris ilinin sonunda diplom işi kimi təqdim olunacaq. Adıçəkilən layihənin ideya müəllifi ADRA-nın professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovdur.

Yaradıcı gənclərə dəstək və təhsil müəssisələri ilə fəal əməkdaşlıq “Azərxalça”nın qarşısında duran əsas vəzifələrdən biridir. Belə tədbirlər istehsalla təhsil arasında geniş qarşılıqlı əlaqəyə təkan verərək, gənclərin milli mənəvi sərvətimizə marağını daha da artıracaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər