İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı ensiklopedik xatirə xalça kompozisiyasının təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi xalqımız tərəfindən təntənə ilə qeyd edilir.
“Bu baxımdan, cəmiyyətimizlə həmrəy olaraq, Azərbaycan xalçaçıları da ulu öndərin unudulmaz xatirəsini özünəməxsus yaradıcılıqla yad edirlər. Layihə Azərbaycanda xalçaçılığın yüksək yaradıcılıq potensialını bir daha təsdiq edir. Xalçaçılıq qədim və zəngin mədəniyyətə, möhkəm dövlətçilik ənənələrinə malik xalqlarda təşəkkül tapıb. Bu peşənin bizim milli irsimizlə sıx bağlı olması Azərbaycan xalqının maddi-mənəvi mədəniyyətinin zənginliyindən və qədimliyindən xəbər verir. Təsadüfi deyildir ki, milli mədəniyyətimizin tərkib hissəsi olan xalçaçılıq irsinə Prezident İlham Əliyev tərəfindən yüksək diqqət və qayğı göstərilir, bu peşənin müasir dövrdə yaradıcılıq imkanlarının reallaşmasına, yeni yaradıcılıq nümunələrinin aktuallıq kəsb etməsinə münbit şərait yaradılır”, - deyə nazir bildirib.
Mikayıl Cabbarov qeyd oedib ki, müasir dövrdə Azərbaycan xalqının və dövlətçiliyinin tarixi və taleyi ümummilli liderin şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutub: “Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 60-cı illərinin sonlarından başlayan Azərbaycanın hərtərəfli yeni inkişaf mərhələsi əsrin sonlarında milli dövlətçiliyin bərpa edilməsi, müasir, güclü dövlətin yaradılması missiyasının uğurla yerinə yetirilməsi ilə tamamlandı. Məhz Heydər Əliyevin liderlik məharəti, inkişaf strategiyası sayəsində Azərbaycanda güclü və müstəqil dövlət, səmərəli, davamlı inkişaf edən iqtisadiyyat və rifahlı, azad cəmiyyət formalaşdı. Bu gün dövlətimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək yeni uğurlar qazanır, böyük zəfərlərə imza atır. Eyni zamanda, Azərbaycan xalqı Heydər Əliyev irsinə sadiqliyini hər məqamda nümayiş etdirməkdədir. Bugünkü yaradıcılıq nümunəsi də ulu öndərin irsinə sadiqliyin, onun xatirəsini daim uca tutmağın ifadəsidir. Təqdimatı keçirilən xalça kompozisiyası unikal olmaqla, Heydər Əliyev irsini və fəaliyyətini ilmələrdə əks etdirir”.
İqtisadiyyat naziri xalçaçıların peşə bayramı olan “Xalçaçı Günü” münasibətilə Azərbaycan xalçaçılarını təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov qeyd edib ki, dövlət başçısının 25 noyabr 2016-cı il tarixi sərəncamı ilə hər il 5 may Azərbaycanda “Xalçaçı Günü” kimi qeyd olunur: “Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalça sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bunun timsalında hazırda xalçaçılığın inkişafı ilə bağlı digər tədbirlər də bir daha ulu öndərin mədəniyyətimizə göstərdiyi qayğının dövlətimiz tərəfindən yeni dövrdə uğurla davam etdirilməsini bariz şəkildə özündə əks etdirir”.
Emin Məmmədov təqdimatı keçirilən layihənin hazırlanması prosesi barədə danışıb, xalçaçılara və bu peşənin inkişafına göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Tədbirdə Emin Məmmədovun təqdimatında ulu öndərə həsr edilmiş xalça kompozisiyası ilə tanışlıq olub, həmçinin layihədə əksini tapmış ideyalardan bəhs edən videoçarx nümayiş etdirilib.