Ötən ay Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra ölkənin iqtisadi mənzərəsi dəyişməz qalıb. Türkiyədə iqtisadiyyatın potensialı yüksək olsa da, problemləri dərin və xroniki xarakter daşıyır. Seçkiyə görə aylardır kölgədə qalan iqtisadi problemlər artıq özünü kəskin şəkildə büruzə verir.
Seçkidən sonra başlayan məzənnə artımı da davam edir. USD/TL 23.40-ı, Avro/TL isə 25.70-i keçərək tarixi rekord səviyyəyə çatıb.
Mayın 28-də keçirilən prezident seçkilərinin 2-ci turu öncəsi dollar 19,96 səviyyəsində idi.
Türkiyədəki iqtisadi vəziyyətlə bağlı Teleqraf.com-un suallarını iqtisadçı Natiq Cəfərli cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq müəllim, sizcə, Türkiyə iqtisadiyyatının problemi nədir?
- İqtisadiyyatda və türk lirəsi ilə bağlı olan problemləri iki hissəyə ayırmaq olar. Birinci, obyektiv səbəblərdir. Yəni bu, seçkidə Ərdoğan və ya AKP-nin qalib gəlməsi ilə əlaqəli deyil. Hətta müxalifət qalib gəlsəydi belə, lirənin dəyərdən düşməsi sürətlənəcəkdi. Çünki Türkiyə 96-97% xarici enerji daşıyıcılarından asılıdır və hər il təbii qaz, neft və neft məhsulları almaq üçün ölkədən külli miqdarda valyuta çıxır. Bu da dollara olan tələbatı ciddi şəkildə artırır.
Obyektiv səbəblərdən biri də ondan ibarətdir ki, pandemiya dövründə turizm nöqteyi-nəzərindən ən çox ziyan dəyən ölkələrdən biri Türkiyə oldu. Pandemiyadan öncə hər il Türkiyəyə turizm xətti ilə təqribən 40 milyard dollara yaxın vəsait daxil olurdu. 2020-ci ilin birinci və ikinci yarısında, yəni məhdudiyyətlər dövründə Türkiyəyə gələn turist sayında və valyuta həcmində kəskin azalma oldu. Sektordan gələn gəlirin ən azı üç dəfədən çox azalması, valyuta ehtiyatlarına və valyutaya olan tələbatın yerinə yetirilməsi üçün məhdudiyyətlər yaratdı.
Təbii ki, subyektiv səbəblər də var. Açıq demək lazımdır, Ərdoğanın iqtisadi siyasətində bəzi boşluqlar oldu. Əsasən də Mərkəzi Bankın müstəqilliyinin və subyektliyinin zəiflədilməsi, bu maliyyə qurumunun sözəbaxan bir orqana çevrilməsi. Əslində dünyanın hər yerində mərkəzi banklar hökumət deyil, dövlət orqanıdır. Mərkəzi bankın əsas funksiyalarından biri də müstəqil qərar vermə mexanizminin olmasıdır. Türkiyə burda zədələndi.
Baxmayaraq ki, inflyasiya var idi, amma faizlər aşağı çəkildi. Bu da daha çox türk lirəsinin dövriyyəyə daxil olmasına səbəb oldu.
Son 3 ildə təqribən 1 trilyona yaxın əlavə vəsait dövriyyəyə daxil oldu. Bu da inflyasiyanı sürətləndirdi və dollara olan tələbatı artırmaqla yanaşı, dolların bahalaşmasına da səbəb oldu.
- Mövcud iqtisadi problemlərin həll yolu varmı?
- Sadaladığım bütün bu obyektiv və subyektiv səbəbləri üst-üstə qoysaq təəssüf ki, Türkiyədə çox qısa zamanda bu problemlərin həllinin mümkün olmadığını görərik. Yəni problemlərin çox qısa zamanda həlli üçün sehrli çubuq yoxdur.
Hesab edirəm ki, hələ cari ilin sonuna qədər türk lirəsində ucuzlaşma davam edəcək. Başqa sözlə, dollar qarşısında türk lirəsinin məzənnəsi 25-30 koridorunda olacaq. Amma Türkiyənin potensialını nəzərə alaraq gələn ildən başlayaraq lirənin möhkəmlənməsinə şahid ola bilərik. Ən azından TL-nin dəyərdən düşməsinin qarşısını almaq mümkün olacaq. Təbii ki, buna zaman lazımdır.
- Türkiyə məzənnəni inzibati yolla saxlamaq praktikasına necə yanaşır?
- Onlarda məzənnəni birjalar müəyyənləşdirir. Doğru olan da budur. Əgər inzibati qaydada valyutaya müdaxilə olunarsa, lirə daha çox qiymətdən düşəcək. Hətta bəzi ölkəlin təcrübəsi də bunu göstərmişdi ki, dövlətin müdaxiləsi və tənzimləmə cəhdləri “qara bazar”ın formalaşmasına və ikili valyuta kurslarının yaranmasına səbəb olur. Bunun özü çox ciddi problemdir. Məsələn, Özbəkistanda məzənnəyə uzun illər dövlət tərəfində müdaxilə olunurdu. Biz bu ölkədə “qara bazar”ın yaranmasına şahid olduq. Rəsmi məzənnə ilə “qara bazar” arasında bəzən iki dəfədən çox fərq yaranırdı.
Türkiyə oturuşmuş iqtisadi modelə malikdir. Bazar iqtisadiyyatında bəlli bir yol qət etmiş ölkə olaraq onların inzibati tənzimləmə mexanizminə keçməsi nə mümkündür, nə də doğrudur. Ona görə də inzibati yox, iqtisadi yollarla vəziyyətin tənzimlənməsi daha doğru olar.
- Prezident yeni hökumətin tərkibini açıqladı. Mehmet Şimşək Türkiyənin yeni Maliyyə və Xəzinə naziri oldu. Gözləntilər nələrdir?
- Yeni təyinat bazarlar və birjalar tərəfindən ilkin olaraq pozitiv qarşılandı. Çünki Mehmet Şimşək liberal iqtisadiyyat tərəfdarı kimi tanınır. Üstəlik Britaniya vətəndaşıdır, Amerikada təhsil alıb. O, Qərb dairələri ilə də kifayət qədər yaxşı münasibətləri olan bir şəxsdir. Amma onun da sehrli çubuğu yoxdur, qısa zamanda iqtisadiyyata heç nə edə bilməz.
İlkin açıqlamalar ondan ibarət oldu ki, Türkiyə bazar iqtisadiyyatı, rəqabətli iqtisadi modeldən geri addım atmayacaq. Yəni dövlət tənzimlənməsinə getməyəcək. Xərclərin azaldılması, effektivliyin yüksəldilməsi ilə bağlı müəyyən addımların atılması gözlənilir.
Bir sözlə, gələcəkdə iqtisadiyyatda baş verəcək problemlərin operativ və çevik həll edilməsi baxımından Mehmet Şimşəkin təyinatı kifayət qədər ümid yaradıb.
- Dolların TL qarşısında bahalaşması Türkiyənin xarici dövlət borclarına necə təsir edir?
- Bu, ən ciddi problemlərdən biridir. Türkiyədə borclar, kreditlər ümumi hesablanır. Azərbaycanda özəl sektorun, dövlətin və dövlət şirkətlərinin borcu ayrı-ayrı qeydə alınır. Orada isə “kamu” borcu deyilən bir anlayış var. Özəl sektorun da, dövlətin də borcları buraya daxildir.
Türkiyənin xarici dövlət borcu deyəndə, söhbət kifayət qədər yüksək rəqəmdən - təqribən 400 milyard dollardan gedir. Adətən ilk 6 aydan sonra kreditlər üzrə faizlərin ödənilməsi olur. Özəl sektor təqribən 70-75 milyard dollarlıq kreditin ən azı faizlərini qaytarmalıdır. Bu da dollara olan tələbatı artıran faktordur və valyutaya dəyər qazandırır.
- Türkiyəni defolt təhlükəsi gözləyirmi?
- Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəlik yerinə yetirilməyəndə defolt baş verir. Amma Türkiyəni belə bir təhlükəsi yoxdur. Son zamanlar Türkiyənin iqtisadiyyatı kifayət qədər güclənib. Bu mənada ölkənin 200 milyard dollardan yuxarı ixracatı artıb. Bu ixracat da Türkiyənin təhlükələrdən uzaq durmasına kömək olacaq.