Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 1-də Ucarda “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında olub.
Təchizat bazasında taxıl biçini kampaniyası ilə əlaqədar yeni gətirilən texnikanın, o cümlədən Rusiya istehsalı olan, modernləşdirilən 21 ədəd “SK-5ME 1”, Belçika istehsalı 9 ədəd “NEW HOLLAND”, Almaniya istehsalı 7 ədəd “CLAAS”, Finlandiya istehsalı 1 ədəd “SAMPO” markalı kombaynın, 6 kənd təsərrüfatı maşınının, 9 traktorun, ümumilikdə isə 107 ədəd texnikanın təqdimatı olub.
Mütəxəssislər texnikalar və onların işləmə prinsipləri barədə ətraflı məlumat veriblər.
Sonra respublikamızın ayrı-ayrı bölgələrindən gələn 45 nəfər hüquqi və fiziki şəxsin iştirakı ilə görüş keçirilib.
Nazir Heydər Əsədov görüşün istehsalçılara mütəmadi olaraq dəstək göstərilməsi məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq reallaşdırılan silsilə tədbirlər çərçivəsində keçirildiyini bildirib. Vurğulanıb ki, son vaxtlar respublikamıza minlərlə texnika gətirilib və istehsalçıların bu sahədə ehtiyaclarının ödənilməsi üçün hər cür zəruri şərait yaradılıb.
H.Əsədov aqrar sektorda çalışan fermerlərə və fiziki şəxslərə dövlət tərəfindən hərtərəfli dəstək verildiyini vurğulayaraq, texnikanın 40 faiz, gübrələrin 70 faiz güzəştlərlə satıldığını diqqətə çatdırıb.
İştirakçıların suallarını cavablandıran nazir verilən texnikanın lazımi ehtiyat hissələri ilə təminatının zəruriliyini bildirib və istifadə olunan yeni kombayn və digər kənd təsərrüfatı maşınlarının işlək mexanizmlərində meydana çıxan qüsurların araşdırılaraq ümumiləşdirilməsi və bununla əlaqədar operativ tədbirlər görülməsi barədə tapşırıqlar verib.
Sonda lizinq yolu ilə 38 nəfər hüquqi və fiziki şəxsə yeni kombaynların, 9 nəfərə isə traktorların sənədləri təqdim olunub.