24 İyul 2015 12:12
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət borcunun klassik tərifi onun mahiyyətini olduğu kimi açıqlayır: – dövlət borcu dövlətin büdcə kəsirini bağlamaq üçün götürdüyü borcdur.

Dövlət borcunun ətrafında iqtisadçıların fikirləri tarixən heç vaxt uzlaşmayıb. Bu elmin klassik tərəfini təmsil edənlər dövlət borcunu “insanlar tərəfindən nə vaxtsa kəşf edilmiş bəla” kimi dəyərləndirsələr də digər qrup iqtisadçılar dövlət borcunu ölkə iqtisadiyyatının qaldırılmasını stimullaşdıran vasitə kimi dəyərləndiriblər.

Tarixin bu günə qədər sübut edib ortaya qoyduğu isə budur ki, bəzi dövlətlər borclanma hesabına nəinki iqtisadi cəhətdən inkişaf edə biliblər, hətta dünya iqtisadiyyatının monstrlarına çevrilməyə belə müvəffəq olublar. Dediyimiz fikirləri təkcə ABŞ-ın timsalında əsaslandıra bilərik. Bu gün dünya iqtisadiyyatının ¼-nə sahib olan bu ölkənin dövlət borcu onun Ümumi Daxili Məhsulundan çox olan həddə gəlib çatsa da bu dövlətin illərlə apardığı iqtisadi siyasət, ölkə iqtisadiyyatını çökdürə biləcək böhranlardan özünəməxsus maneverlərlə yayınması və hətta bəzən bu böhranlardan öz iqtisadi durumunu bir qədər də yaxşılaşdırmaq üçün istifadə edə bilməsi onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli ölkəsinə çevirib. Misal üçün 01 yanvar 2014-cü il tarixinə ABŞ-ın dövlət borcu 18 trillion 141 milyard dollar təşkil edib. Bu isə ÜDM-un 109,9%-nə bərabərdir.

Bu borcun xəzinə öhdəlikləri şəklində olan 5 trillion dollara qədər hissəsi isə xarici dövlətlərə olan borcdur ki, onun da təqribən yarısı Çin və Yaponiyanın payına düşür. Avropa Birliyinə daxil olan ölkələr üzrə də dövlət borcunun ümumi məbləği, bu gün onların məcmu ÜDM-dan çoxdur. Təkcə Böyük Britaniyada dövlət borcu ÜDM həcmini 4 dəfəyə qədər üstələyir. Tarix bu qaydada dövlət borcu hesabına güclü iqtisadiyyat quranların “odla oynadıqları”nı dəfələrlə sübuta yetirsə də bundan heç də bütün dövlətlər düzgün nəticə çıxara bilməyib. Yazılarımızın birində demişdik və yenə təkrar edirik: Təsəvvür edirsinizmi ABŞ-ın 18 trillion 141 milyard dollar həcmində olan dövlət borcunun xarici dövlətlərə aid olan 5 trilliyon dollarlıq hissəsinin 30-40%-i həmin dövlətlər tərəfindən satışa çıxarılarsa, dünya maliyyə bazarında nələr baş verər? Bu, ABŞ dollarının qeyd-şərtsiz uçruma yuvarlanması və ölkə iqtisadiyyatının fəlakətlə üzləşməsi demək olar. Bunun baş verməyəcəyinə kim təminat verə bilər?
Borclanmada səriştəsizliyə yol vermiş Yunanıstanın son illərdə yaşadığı ağır iqtisadi durum göz qabağındadır. Enerji resursları olmayan, lakin buna baxmayaraq adam başına düşən ÜDM–un həcminə görə dünyanın 50 ölkəsinin siyahısına düşən (adam başına 26000 min ABŞ dolları) Yunanıstanda bu gün insanlar əməkhaqqı kartı ilə bankomatdan 60 avro pullarını çıxara bilmirlər. Hesab edirik ki, borclanmada eyforiyyaya uymuş bir çox ölkələri yaxın zamanlarda belə aqibət gözləyə bilər və artıq Yunanıstandan başqa digər Avropa ölkələrində də bunun ilkin əlamətləri üzə çıxmağa başlayıb. Avropa Birliyinin və bu birliyin nüvəsini təşkil edən Almaniya və Fransanın Yunanıstana “yardım əlini” uzatması heç də yunan xalqına böyük sevgidən irəli gəlmir. Səbəb sadədir, “böyük qardaşlar” yunan defoltunun AB üçün nə vəd etdiyinin fərqindədirlər...

Bəs Azərbaycanda dövlət borcu hansı səviyyədədir? Dövlət borclarımızın bu günə olan səviyyəsi ölkəmizin iqtisadiyyatı və vətəndaşlarımızın yaşam tərzinə necə təsir edə bilər? Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın bu günə olan 6,5 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adam başına düşən həcmi 675 ABŞ dollarına bərabərdir. Bunu hər kəs bilməlidir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 000 dollara, Böyük Britaniyada 158 000 dollara, Almaniyada 71 000 dollara, Fransada 81 000 dollara, Rusiyada 4200 dollara, Gürcüstanda 2400 dollara, Ermənistanda 2700 dollara bərabərdir.

Dövlət borcu mahiyyət etibarilə aktiv və passiv borclara bölünür. Aktiv dövlət borcları büdcə vasitəsilə bu borcların dövlətin konkret sosial-iqtisadi proqramlarının reallaşdırılmasına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilən hissəsidir. Passiv dövlət borcları isə büdcədən maliyyələşən cari xərclərin bağlanmasına yönəldilən borclardan ibarətdir. Hər kəsə bəllidir ki, Azərbaycan hökumətinin götürdüyü borclar tamamilə aktiv borclar kateqoriyasına aiddir. Bunun belə olduğunu bilmək üçün büdcədən maliyyələşən sosial proqramlara və infrastruktur layihələrinə nəzər salmaq kifayətdir. Mətbuat səhifələrində bəzi müəlliflər yazırlar ki, Azərbaycan hökumətinin cəlb etdiyi kreditlərin böyük əksəriyyəti infrastruktur layihələrinə yönəldilir və bu layihələr əlavə dəyər yaratmır. Onlar bir məsələni bilməlidirlər ki, büdcəyə cəlb edilmiş belə vəsaitlər hesabına reallaşan həmin infrastruktur layihələri ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin əldə olunmasında birbaşa deyil, dolayı yolla iştirak edirlər. Unudulmamalıdır ki, normal iqtisadi fəaliyyət üçün normal infrastrukturun olması ən vacib şərtlərdən biridir.

Azərbaycanın dövlət borcunun vəziyyətini mətbuat səhifələrində “təhlil” edən bəzi “ekspertlər” bir qədər də qabağa gedib, Dövlət Neft Şirkətinin borclarını da Azərbaycan dövlət borcunun üzərinə gələrək ölkədə adam başına düşən dövlət borcuna dair göstəricini iki dəfə şişirdilmiş şəkildə cəmiyyətə təqdim edirlər. Bu, sadəcə dilletantlıqdır və bu adamlar bilmək istəmirlər ki, Neft Şirkətinin götürdüyü borclar onun mövcud aktivlərindən dəfələrlə azdır və bu borcları dövlət deyil, Neft Şirkəti özü qaytarır.
Bu günlərdə keçirilmiş Nazirlər Kabinetinin toplantısında Azərbaycan Prezidenti də dövlətin borclanma sahəsindəki kursunu açıq şəkildə ifadə etdi: “Xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır. Hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər”.

Həm Prezidentin açıqlaması, həm də ümumən yuxarıda sadaladığımız faktlar göstərir ki, dövlət borcu ilə bağlı məsələlər Azərbaycanda heç kəsi narahat etməməlidir...

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor


Müəllif:

Oxşar xəbərlər