7 Avqust 2015 12:16
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) Rusiya nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri vəzifəsinə isə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, tanınmış ictimai xadim və jurnalist Aleksandr Karavayev təyin olunub.

Nümayəndəlik Azərbaycan-Rusiya arasında əsasən iqtisadi əlaqələrin genişləndirilməsinin mümkün yollarını araşdıracaq, hər iki ölkədə biznes mühitinin qiymətləndirilməsini apararaq investisiya qoyuluşu üçün əlverişli sahələri tədqiq edəcək.

Təşkilatdan onu da bildiriblər ki, A.Karavayev “Ekonomiks” BİAB-ın Rusiya nümayəndəliyinin rəhbəri qismində ilk təhlilini də artıq təqdim edib. “Analitik İnformasiya Mərkəzi – Информационно-Аналитический Центр” portalında (http://ia-centr.ru/expert/21334/) yayımlanmış “Azərbaycan Rusiya üçün olduqca qiymətli tərəfdaşa çevrilir” başlıqlı təhlil materialında Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələrin dünənki və bugünkü vəziyyətinə işıq salınıb. Hələ Sovetlər Birliyi dönəmində iki respublika arasındakı mal dövriyyəsinin səviyyəsindən bəhs edərək çağdaş dövrün reallıqlarına da diqqət yönəldən A.Karavayev iqtisadi əlaqələrin daha da genişləndirilməsini mümkün edən imkanlardan və xüsusən Azərbaycan investisiyası üçün cəlbedici görünən sahələrdən bəhs edib. Hazırda Rusiyada fəaliyyət göstərən Azərbaycan investorları kimi SOCAR, Dövlət Neft Fondu, “Azərsun Holding”, eləcə də MBA- Moskva Bankının adını çəkən müəllif bu sıranın daha da genişlənməsini zərurət kimi qiymətləndirib və investisiya axınını təmin edə biləcək Rusiya iqtisadi orbitasının konkret nöqtələrini göstərib.

A.Karavayev əsasən müstərək müəssisələrin yaradılmasının verə biləcəyi dividentlərdən danışaraq Azərbaycanın - son illər ərzində iqtisadi sıçrayış əldə etmiş və dayanıqlı maliyyə sisteminə malik olan bir ölkənin mövcud potensialının bütün sahələr üzrə əməkdaşlığa əsas yaratdığını qeyd edib.

Rusiya ilə Azərbaycan arasında investisiyaların qarşılıqlı mühafizəsinə dair əldə olunmuş razılaşmanın detallarına toxunan müəllifin fikrincə hazırkı dövr şüarçılıqdan və siyasi öhdəliklərdən uzaq birbaşa iqtisadi inteqrasiya tələb edir.

Qeyd edək ki, “Ekonomiks” BİAB-ın Rusiya nümayəndəliyi digər MDB ölkələrindəki biznes mühitinin öyrənilməsi istiqamətində də tədqiqatlar aparacaq.


Müəllif:

Oxşar xəbərlər