22 Sentyabr 2015 16:15
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Bayramov: “Bu, qeyri-neft sektoru məhsullarının ixracı baxımından çox vacib layihədir”

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili bu günlərdə Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunun tikintisi ilə bağlı açıqlama verib. Bildirib ki, hər 3 ölkə üçün mühüm və strateji əhəmiyyətə malik olan bu yolun istifadəyə verilməsindən ötrü lazımı infrastrukturun yaradılması ilə bağlı Azərbaycan və Gürcüstanda nəzərdə tutulmuş işlər tam başa çatdırılıb. Yalnız Türkiyə tərəfdə bəzi işlər qalır ki, bunun da yaxın vaxtlarda başa çatdırılacağı gözlənilir.

Nazir deyib ki, bu dəmiryolu Qərblə Şərqin birləşməsində, eləcə də Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələrin sürətli inkişafına əsaslı təkan verəcək. Onun fikrincə, qədim İpək Yolunun bərpası, həm də bölgədə sülhün bərqərar olmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, Azərbaycanla Türkiyəni birləşdirəcək BTQ planlaşdırılmış dəmiryolu lahiyəsidir. BTQ xəttinin təməli 21 noyabr 2007-ci ildə Gürcüstanın Marabda kəndində qoyulub. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərini Gürcüstanın Tiflis və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhəri ilə birləşdirəcək. Qatarın bir günə Qarsa, daxili şəbəkəyə qoşulmaqla iki gün yarıma İstanbula çatmasının mümkün olacağı planlaşdırılıb.

“BTQ yeni dəmir yolu bağlantısı" layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. Dəmiryolu xəttinin tikintisinə isə 2005-ci ildən start veriləcəyi nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. Eyni zamanda dəmir yolu xəttinin Ermənistandan kənar keçdiyinə görə ABŞ və Avropa Birliyi layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar BTQ dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tiflis dəmiryolu xəttinin açılmasını tələb ediblər.

Lakin Azərbaycanla Ermənistan arasında münaqişə səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürüb.

Layihənin 2009-cu ildə başa çatacağı gözlənsə də, 2008-ci ilin yayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı tikintini ləngidib.

Müxtəlif vaxtlarda layihə ilə bağlı səlahiyyətli rəsmilər dəmiryolu xəttinin tikintisinin sona yetəcəyini bildiriblər, bununla belə, proqnozlar doğrulmayıb.

Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov qəzetimizə verdiyi açıqlamasında dedi ki, Gürcüstan ərazisində Axalkalaki stansiyasında işlərin tamamlanır: “2015-ci ilin sonunadək bütün istiqamətlərdə Gürcüstan ərazisində son tamamlanma işləri başa çatacaq. Axalkalaki stansiyasınadək yol hazırdır, stansiya tikilib. Bakı-Axalkalaki yükdaşıma qatarlarının bu ilin sonunda istifadəyə veriləcəyi gözlənilir. İlkin vaxtlarda 5-6 milyon ton yük daşınması gözlənilir, sonrakı illərdə isə yükdaşımanın miqdarı 17-18 milyon tona qaldırılacaq. Yük qatarları istismara verildikdən sonra növbəti ildən sərnişin qatarları da yola düşəcək”.

BTQ-nin Türkiyə hissəsinin nə zaman istismara veriləcəyi barədə isə QSC rəsmisi məlumatsızdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Elşən Hacızadənin sözlərinə görə, BTQ marşrutunun ümumi uzunluğu 825 kilometrdir ki, bunun 503 kilometri Azərbaycanın, 244,5 kilometri Gürcüstanın, 77,5 kilometri isə Türkiyənin payına düşür.

Azərbaycan Neft Fondundan maliyyələşdirilən layihəyə Azərbaycan tərəfi birinci mərhələdə Gürcüstana 25 il müddətinə 1% dərəcəsi ilə 200 milyon dollar, sonrakı mərhələdə ikinci tranş olaraq 5% dərəcəsi olmaqla 25 il müddətinə 575 milyon dollar əlavə kredit ayırıb və hazırda bu kreditin yarıdan çoxu məsrəf edilib: “Hesablamalara görə, Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 milyon dollar təşkil edəcək”.

Elşən Hacızadə bildirir ki, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə düşməsi regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfə verəcək, nəticədə Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevriləcək: “Hər üç ölkə beynəlxalq yüklərin daşınmasından əlavə, tranzit gəlirləri əldə edəcək ki, bu da burda yaşayan xalqların sosial-iqtisadi həyatına yeni rifah gətirəcək”.

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, təkcə Azərbaycanın deyil, Orta Asiya ölkələri, gələcəkdə qonşu İranın belə istifadə edə biləcəyi dəmiryolu xəttinin Azərbaycana iqtisadi və sosial baxımdan böyük üstünlüklər qazandıracaq: “Praktik olaraq bu dəmiryolu xəttinin işə düşməsi Azərbaycana imkan verəcək ki, dünya bazarına öz məhsullarını daha ucuz nəqliyyat vasitəsilə çıxarsın. Bu, qeyri-neft sektoru məhsullarının ixracı imkanları baxımından daha vacibdir. Eyni zamanda imkan verəcək ki, Azərbaycan tranzit ölkəsi olaraq bu dəmiryolu xəttindən faydalana bilsin. Çünki başqa ölkələrin Azərbaycan ərazisindən öz məhsullarını dünya bazarına çıxarmaq maraqları var. Həm də ölkənin qeyri-neft sektorunda ixrac qabiliyyətinin artması yerli istehsalın dəstəklənməsi deməkdir, bu da təbii ki, sosial baxımdan vacibdir. Sosial layihə olaraq bu xəttin istismara verilməsi məşğulluğun təmin edilməsinə dəstək verəcək”.

Layihənin icrasının gecikmə səbəblərindən danışan iqtisadçı dedi ki, Azərbaycanın praktik olaraq strateji addım atıb dəmiryolu xəttinin Gürcüstan üzərindən Türkiyəyə keçidini reallaşdırması inkişaf etmiş ölkələrdə belə qısqanclıq yaradıb: “Hazırda Türkiyədəki terror hadisələri də xəttin istifadəyə verilməsini prosesinə mənfi təsir göstərib. Məndə olan məlumata görə, xəttin tikintisi ilə bağlı elə ciddi problemlər yoxdur, amma ölkələrin öhdəlikləri, həmin xətdən hansı ölkələrin istifadəsi ilə bağlı razılaşdırmalara ehtiyac var.

Bildiyiniz kimi Ermənistan da Gürcüstan ərazisində bu xətdən istifadəyə cəhd edir. Ona görə də ölkələrin öhdəliklər götürməsinə ehtiyac var. Dəmiryolu xəttinin təhlükəsizliyi ilə bağlı məsələlərin həlli də vacibdir. Müddət tələb edən bu problemlərin həllindən sonra layihə tam başa çatacaq”.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər