Azərbaycanda “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri" artırılıb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarında dəyişikliklər edilib.
Yeni qərara əsasən, bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saat hesabı ödənilməsinə görə yeni məbləğlər müəyyənləşdirilib. Bu qərarla professor, elmlər doktoru üçün 4,40 manat, dosent, fəlsəfə doktoru üçün 2,90 manat, elmi dərəcəsi, elmi adı olmayanlar üçün 2,25 manat müəyyənləşdirilib. Hazırda isə bu məbləğlər müvafiq olaraq, 3,99 manat, 2,63 manat və 2,03 manatdır.
Yeni qərara görə, müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,20 manat, dosent, fəlsəfə doktoru üçün 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,55 manat müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,30 manat, çılpaq naturada isə 5,50 manat məbləğində müəyyən olunur.
Əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur.