Başlanmış bank islahatları start götürən struktur islahatlarla birlikdə ümumilikdə ölkə iqtisadiyyatının, o cümlədən regionların yeni keyfiyyətdə inkişaf etməsinə əhəmiyyətli töhfə verəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Neftçalada ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.
E.Rüstəmovun sözlərinə görə, bank islahatları imkan verəcək ki, perspektivdə bank sisteminin resurs bazası güclənsin və iqtisadiyyatı kreditləşdirmək imkanları artsın.
Mərkəzi Bank sədri bildirib ki, pul-məzənnə siyasəti də ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, iqtisadiyyatın şaxələnməsinə, ixracatın stimullaşmasına yönəldilir. Manatın yeni, daha tarazlı və ədalətli məzənnəsi ixracın təşviqi və idxalın əvəzlənməsinə, xüsusən də ölkədə məşğulluğun təxminən 40%-ni təmin edən aqrar sektorun inkişafı üçün xüsusilə geniş imkanlar açır.
O, əlavə edib ki, həyata keçirilən yeni nəsil struktur islahatları ilə birlikdə əlverişli məzənnə aqrar sektorun istehsal və ixrac potensialının tam üzə çıxmasında mühüm rol oynayacaq.