9 Fevral 2016 18:49
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyində nazir Şahin Mustafayevin sədrliyi ilə kollegiya iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda 2016-cı ildə də dövlət proqramları çərçivəsində əhalinin sosial müdafiəsi tədbirləri, sosial infrastrukturun - məktəblərin, uşaq bağçalarının, tibb ocaqlarının tikintisi, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, eyni zamanda istehlak qiymətlərinə mütəmadi nəzarət və süni bahalaşmanın qarşısının alınması tədbirlərinin davam etdiriləcəyi vurğulanıb. Bildirilib ki, istehlakçı hüquqlarının qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti nəzərə alınaraq, istehlakçıların iştirakı ilə ötən il Bakıda və regionlarda 30-a yaxın konfrans, dəyirmi masa və seminar təşkil olunub. Saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ümumilikdə 18,8 ton ərzaq və 0,5 ton qeyri-ərzaq mallarının satışı dayandırılıb.

Mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə uyğun olaraq, 2015-ci ildə 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qeydiyyatdan keçmiş, bununla da, onların sayı 18-ə çatıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Xırdalan və Mingəçevir şəhərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, yeni MMMC-nin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.

2015-ci ildə Böyükşor gölünün ekoloji bərpasının birinci mərhələsi başa çatdırılıb. Bu mərhələdə gölün 300 hektara yaxın hissəsi bərpa olunmuş və ətraf ərazi təmizlənərək abadlaşdırılıb. Gölün Olimpiya stadionu sahilində salınmış Böyükşor bulvarında 80 min ağac və kol bitkiləri əkilib. Hazırda Böyükşor və Zığ gölləri üzrə tədqiqat-mühəndislik, layihə-smeta və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri hazırlanır. Eyni zamanda, Böyükşor gölünün kompleks bərpası layihəsinin 2-ci fazası üzrə 380 hektarlıq hissəsinin dibinin təmizlənməsinə hazırlıq işləri görülür və yaxın vaxtlarda işlərə başlanacaq.

Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının son müşavirələrdəki çıxışlarından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2016-cı il üçün İş Planı təsdiq olunub.

Naibə QURBANOVA


Müəllif: