Martın 28-də SOCAR prezidenti Rövnəq Abdullayev Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini qəbul edib.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, qonağı səmimi salamlayan R.Abdullayev Azərbaycan və Yaponiya arasında uzunmüddətli, səmərəli əməkdaşlığın olduğunu vurğulayıb, Yaponiya şirkətlərinin SOCAR tərəfindən həyata keçirilən bir sıra beynəlxalq miqyaslı layihələrdə uğurla fəaliyyət göstərdiyini qeyd edib. SOCAR prezidenti ötən il Yaponiyaya səfərini və bu səfər zamanı keçirdiyi görüşləri xatırladaraq, həmin görüşlərdə Yaponiya şirkətlərinin Neft-Qaz Emalı və Neft Kimyası Kompleksi (NQNK) layihəsində iştirak perspektivlərinin ciddi müzakirə olunduğunu bildirib. Qeyd edib ki, SOCAR Yaponiya şirkət və bankları tərəfindən Azərbaycanın neft-qaz sənayesinə sərmayələrin yatırılması təkliflərini dəstəkləyir. Bu günlərdə "Mitsui" şirkəti nümayəndələrinin Bakıya səfəri zamanı həmin təkliflərin texniki cəhətdən dəyərləndiriləcəyini söyləyən SOCAR prezidenti, eyni zamanda AÇG layihəsində əsas tərəfdaşlardan olan İMPEX şirkəti tərəfindən gənc azərbaycanlı mühəndislər üçün treninqlərin təşkilindən danışıb, təcrübə mübadiləsinin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayb.
Səfir T.Takahaşi Yaponiya hökumətinin Azərbaycanla müxtəlif sahələr üzrə dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz sektoruna xüsusi önəm verdiyini qeyd edib, Yaponiya şirkətlərinin Azərbaycanda həyata keçirilən neft-qaz layihələrində uğurlu iştirakında dəstəyə görə təşəkkürünü bildirib, Yaponiya şirkətlərinin əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb. Azərbaycanda Yaponiya şirkətlərinin fəaliyyəti üçün yaradılan şəraitdən razılığını ifadə edən səfir NQNK layihəsi üzrə əməkdaşlığın Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.