Şoumen Kamran Həsənli ilə müğənni Samir Piriyevin məhkəmə prosesində yeni məqamlar ortaya çıxıb.
Samir Piriyev məhkəmədə Kamran Həsənlinin dələduzluğunun sübut edildiyini və qardaş ölkədə onun heç bir iş obyektinin olmadığını bildirib.
Məsələ ilə bağlı Kamra Həsənli ilə əlaqə saxladıq. O, Teleqraf.com-a açıqlamasında məhkəmə keçirilmədiyini və Samir Piriyevin yalan danışdığını deyib: “Məhkəmə olmayıb. Qarşı tərəf yalan danışır. Hətta demişdilər ki, bacım Gülərin ölkədən çıxışına qadağa qoyulub. Halbuki bacım xaricdədir. Yəni yalan məlumatlar yayırlar...”
Kamran Həsənlinin vəkili Türkel Süleymanlı da şoumenin sözlərini təsdiqləyib: “Heç bir məhkəmə olmayıb, deyilənlərin hamısı yalalandır. Sadəcə gündəmdə qalmaq üçün belə məlumat yayırlar. Türkiyədən bütün sənədlər istintaqa təqdim olunub, obyektin kupçası, fotoları, məkanı və sair.
2009-cu ildə Türkiyədə iş görülüb. İndi deyir ki, orada obyekt yox idi. Yəni Samir Piriyev 6 ildə bir dəfə də obyektə baxmayıb? Bu, mümkündürmü? Xeyr. 6 ildə 60 dəfə gedib. O, nağıl danışır. Samir Piriyev Türkiyədə həmin məkanda olub və Kamranın ondan dörd dəfə çox ziyan çəkdiyini də bilir”.
Samir Piriyev mətbuata açıqlamasında Kamran Həsənlinin dələduzluğunun məhkəmə yoluyla sübut edildiyini deyib: “Məhkəmə prosesindən sonra istintaqa məlum oldu ki, Kamran Həsənli Türkiyədə heç bir işə pul qoymayıb. Bəlli oldu ki, qardaş ölkədə heç bir hesaba pul köçürülməyib”.
Xatırladaq ki, Samir Piriyev Kamran Həsənlinin Türkiyədə obyekt tikdirməsi adıyla ona qarşı 80 min dollar məbləğində dələduzluq etməsi ittihamı ilə hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.
Rəqsanə