13 Yanvar 2017 20:52
1 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə start götürən “KVN-2017” festivalında qondarma DQR-in “С хлебом и солью” (“Duzlu-çörəkli”) komandasının iştirakı Azərbaycanda etirazla qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci Beynəlxalq KVN festivalına dəvəti mədəniyyətin və KVN-in siyasiləşdirilməsi məqsədi daşıyaraq, KVN hərəkatının məqsəd və məramları ilə bir araya sığmır, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir.

Bir vaxtlar MDB məkanında birinci yerə çıxan “Bakılı oğlanlar” (“Parni iz Baku”) komandası səhnə ilə vidalaşandan sonra Azərbaycanın KVN səhnəsində durğunluq dövrü yaşandı. Ali məktəblərdəki gənclərin Şən və Hazırcavablar Klubu isə maliyyə problemləri ucbatından beynəlxalq yarışlara müntəzəm olaraq qatıla bilmir. Beynəlxalq səviyyəli KVN yarışlarında iştirakın həm də humanitar səpkidə tribuna olduğunu nəzərə alsaq, bu cür yarışlarda iştirak üçün gənclərə maliyyə dəstəyi şərtdir. Keçmiş SSRİ-də Şən və Hazırcavablar Klubu 1961-ci ildə, Azərbaycanın əfsanəvi “Bakılı oğlanlar” (“Parni iz Baku”) komandası isə 1967-ci ildə Yuliy Qusman tərəfindən yaradılıb. 60-70-ci illərdə böyük uğurlar qazanan “Bakılı oğlanlar”ın ən parlaq dövrü mərhum Anar Məmmədxanovun rəhbərlik etdiyi zamana - ötən əsrin 90-cı illərinə təsadüf edir. Ölkədə sağlam yumorun formalaşmasında Şən və Hazırcavablar Klubuna böyük marağın kökündə “Parni iz Baku” komandasının həmin illərdə qazandığı qələbələr dayanır. 2001-ci ildə “Parni iz Baku”nun səhnə ilə vidalaşmasından sonra bu sahədə sanki böyük bir boşluq yaransa da son illərdə ali məktəblərdə təhsil alan gənclər ŞHK-ya yeni nəfəs gətirməyə çalışır.

Dekabrın 18-də Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun (ŞHK) Azərbaycan liqasının üçüncü mövsümünün finalı olub. ŞHK-nın Azərbaycan regional liqasının oyunlarında Azərbaycan, Rusiya və Gürcüstan komandaları mübarizə aparıblar. Əsas mübarizə mövsümün finalçıları – “BDU yığması”, “Labutenlər”, “Bakı – FM”, “Azneft”, “The Show Must Go On”, Şimali Osetiya Dövlət Universitetinin yığması (Vladiqafqaz) və Gürcüstanın gənclər yığması arasında gedib. Çıxışlardan sonra münsiflər heyətinin qərarı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Azneft” və Şimali Osetiya Dövlət Universitetinin yığması ŞHK-nın Azərbaycan liqasının üçüncü mövsümünün qalibləri elan edilib. Bununla komanda Soçidə keçiriləcək “KVN-2017” festivalında iştirak etmək hüququ qazanıb. Lakin “Azneft” yarışda iştirak edə bilməyib. Bunun səbəblərini komandanın bədii rəhbəri Böyükağa Əliyevdən öyrəndik.

O, Teleqraf.com-a açıqlamasında maliyyə problemlərinə görə, yarışda iştirak edə bilmədiklərini qeyd edib. Böyükağa Əliyev hazırda “Bakı yığması”nın Soçidə Azərbaycanın adını layiqincə təmsil etdiyini vurğulayıb. O, sözügedən komandanın keçən il də yarışa qatıldığını xatırladıb: “Ötən ilki “KVN” yarışı zamanı da analoji hadisə baş vermişdi. Ermənilər “Stepanakert yığması” yaratmışdılar, “Bakı yığması” komandasının direktoru Cavid Şahbazbəyov mübahisə etdi, aksiya keçirdi, ermənilərin üstünə getdi ki, Stepanakert yoxdur, şəhərin əsl adı Xankəndidir. Bizə də zəng elədi ki, bu komandaya görə “Qarabağ yığması” adında komanda yaradırıq. Cavid Şahbazbəyovun yaxa nişanını keçən il əlindən aldılar deyə builki yarışa qatıla bilmədi. O, əsl vətənpərvər mövqe nümayiş etdirdi və o komandanın çıxışına əngəl oldu. “Bakı yığması” komandası ayrı-ayrı universitetlərdəki gəncləri cəlb edib daim beynəlxalq yarışlarda iştirak edir. Soçidəki yarışda Azərbaycanı təmsil edən "Bakı yığması"nın tərkibində bizim universitetdən Fərid İsmayılov təmsil olunur. “Azneft” komandası kimi yarışa çox güclü hazırlaşmışdıq və inanırdıq ki, "Bakı yığması" ilə birgə Ermənistan komandası ilə yarışıb onları udacağıq. Sadəcə maliyyə məsələsinə görə Soçidəki yarışa gedə bilmədik”.

O, "KVN"də Azərbaycanı təmsil edən “Bakı yığması” komandasının təxminən 15 nəfərlə yarışa qatıldığını deyib. Böyükağa Əliyev qeyd edib ki, hər il Rusiya, Dağıstan, Gürcüstan və Belarusda rəsmi regional liqa olur: “Liqa qalibləri Soçi şəhərində keçirilən “KVN” müsabiqəsinə vəsiqə qazanırlar. Hazırda orada 640-dan çox komanda mübarizə aparır. “Bakı yığması” komandası “Parni iz Baku” kimi hər il yarışlarda iştirak edir. Rəşad Əzizovun bu komanda üzərində və Azərbaycan liqasının keçirilməsində əvəzsiz əməyi var, bizə daim kömək edib öyrədirlər, həvəsləndirirlər".

ADNSU “Azneft” komandasının bədii rəhbəri hesab edir ki, beynəlxalq səviyyəli KVN yarışları həm də siyasi mesaj vermək üçün əhəmiyyətli tribunadır: "Eyni zamanda bu cür yarışlar Azərbaycanı tanıtmaq baxımından da önəmlidir”.

B.Əliyev qeyd edib ki, birinci il Soçi yarışlarında Azərbaycan universitetlərindən Memarlıq və İnşaat Universitetinin KVN komandası, ikinci il isə Bakı Dövlət Universitetinin yığması iştirak edib və finala qədər irəliləyib: "Bu il isə Azərbaycan liqasının qalibi biz seçildik, Soçidəki “KVN”ə qatılmalı idik, sponsor sonuncu gün yardım etməkdən imtina elədi deyə gedə bilmədik”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər