Teleqraf.com məşhur aparıcı Mətanət Əliverdiyeva ilə müsahibəni təqdim edir:
- Mətanət xanım, həm radioda, həm televiziyada aparıcılıq edirsiniz...
- Bəli, şükür Allaha, işlərim yaxşıdır.
- Hər zaman baxımlı və enerjilisiniz. Səbəbi?
- Çünki həyatı, yaşamağı və insanları sevirəm. Hər şeyə optimist yanaşıram. Səhər oyananda düşünürəm ki, şən olmaq lazımdır. Avtomobilimə minəndə dinamik mahnıları dinləyirəm. Mən verilişi qaşqabaqlı necə apara bilərəm?
- Çox gərgin iş qrafikiniz var...
- İşimdən yorulmuram. Düzdü, arada işdə yuxum gəlir, amma yatmağa vaxtım olmur (gülür). Tezdən oyanıram deyə günortalar 5 dəqiqə yatmaq istəyirəm. İşimi çox sevirəm.
- Oğlunuz Oqtayı bu il evləndirməyi düşünürsünüz?
- Oğlumun artıq 25 yaşı var. Hələ ki, qız axtarırıq.
- Mətanət xanım, məncə, kaprizli insansınız. Oğlunuzun sevdiyi xanımı qəbul etməzsiniz...
- Xeyr, kaprizli insan deyiləm. Oğlumun özü sevsin və evlənsin. Onun həyatına qarışmağa nə ixtiyarım var? Övladı onun üçün dünyaya gətirməmişəm ki işinə qarışam. Oğluma məsləhət verə bilərəm. Gələcək həyat yoldaşını elə seçməlidir ki, bir ildən sonra boşanmasın. Kiminlə istəsə, evlənə bilər.
- Birdən onun sevdiyi xanım sizin xoşunuza gəlmədi...
- Əsas oğlumun xoşuna gəlsin. Mənim arvadım olmayacaq ki (gülür).
- Ağıllı xanımların həyatında kişilərin rolu nədən ibarətdir?
- Kişilər ağıllı qadınlardan həddən artıq çəkinirlər. Çünki ağıllı qadınlar ərlərinə ağıllı cavab verirlər. Atdığı addımlar, düşüncələri kişilərdən daha məntiqli olur. Elə bilirsiniz kişilər güclüdür? Xeyr, onlar çox zəif məxluqlardır. Fiziki gücdən söhbət getmir. Qadının gücü kimi güc yoxdur.
- Əks cinsdə sizi hansı xüsusiyyətlər cəlb edir?
- Fiziki gücdə də güclüyəm (gülür). Həmişə deyirəm ki, madiyyatdan öncə kişi psixoloji cəhətdən güclü olmalıdır. Məni qorumağı bacarmalıdır. Əgər qarşısındakı insanın güclü olduğunu bilirsə, ondan 10 qat güclü olmalıdır. Hər qadının küncə sığınıb ağladığı anlar olur. Bax o zaman həyatında, qəlbində boşluğu hiss edirsən. Yanında güclü insan axtarırsan.
Rəqsanə