Xalq artistləri Flora Kərimova ilə Aygün Kazımovanın arasında problem yaşanır. Problem Flora Kərimovanın xalq artisti Zeynəb Xanlarova haqqında “Onun ifası sənət və sənətkarlıq deyil” söyləməsindən başlayıb.
Aygün Kazımova Zeynəb Xanlarovanı dəstəkləyib və onu Azərbaycan musiqi mədəniyyətinin əvəzolunmaz sənətkarı hesab edib.
Flora Kərimova mövzuyla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
-Flora xanım, sizcə, Aygün Kazımovanın Zeynəb Xanlarovanı dəstəkləməsinə səbəb nədir? Açıqlamanızda İlhamə Quliyeva ilə problem yaşadığı zaman Aygün Kazımovaya dəstək olduğunuzu demisiniz...
-Aygünə yalnız İlhamə Quliyeva ilə savaşı zaman deyil, bir çox problemlərdə dəstək olmuşam. Aygün Kazımovanın niyə belə etməsinin səbəbini bilmirəm. Hər bir insanda qadınlıq və analıq görmək istəyirəm. Bir qadın kimi qismətim nakam olub, amma ev xanımı, ana kimi xoşbəxt olmuşam. Çünki bütün Azərbaycan xalqı övladlarımın tərbiyəsini bilir.
Heç vaxt heç nədən yanmamışam. Hər bir qadın övladını düşünməlidir. Oğlum məktəbi qurtarmamışdı, düşünürdüm ki, qapı döyəcəyəm - oğlum var, qapımı döyəcəklər - qızım var. Hər bir qadının bunu düşünməsini istəyirəm.
Hər birimizin arxamızda və önümüzdə örnək vətənimiz var. Mənim müharibəm budur. Yoxsa bu dünya ilə mənim nə haqq-hesabım ola bilər? Mən deyirəm ki, insan, qadın, adam olun! Özünüzü ev xanımı kimi aparın.
-Aygün Kazımovayla münasibətiniz nə zaman pisləşib?
-Onunla heç vaxt münasibətim pis olmayıb. Vallah, onunla işim yoxdur. Sadəcə, ağılsız söz-söhbətlərin əleyhinəyəm. Özümü də özgələşdirə bilmirəm, alınmır. Mən istəyirəm ki, millətim öndə getsin. Qadınlarımız övladlarını tərbiyəsində dursunlar.
Rəqsanə