Qalmaqallı rejissor Zorik (Zöhrab Ağayev) hazırda istirahət edir.
Teleqraf.com tabloid.az-ın rejissorla haqqında olan müsahibəsini təqdim edir:
Rejissor 35 yaşında ailə quracağını da dilə gətirib.
- Zorik niyə hər zaman adınız qalmaqallarda hallanır?
- Mən bu sənətə başqalarından fərqli olaraq, kiminsə köməkliyi ilə gəlməmişəm. Özümün və ailəmin dəstəyi ilə gəlmişəm. Adım ona görə qalmaqallarda hallanır ki, dediklərimin hamısı düz çıxır. Sözümü arxada deyil, üzə deyirəm. Ona görə də məni gözü götürməyənlər çoxdur. Əslində, adımın hallandığı heç bir qalmaqalın təməlini özüm uydurmuram. Sadəcə, mənə söz atıblar, cavablarını vermişəm və sözümün arxasında dayanmışam. Məni ilk gündən sözün düzünü deyən biri kimi tanıyıblar.
- Siz özünüzü daha çox rejissor, yoxsa prodüser kimi görürsünüz? Yeri gəlmişkən, rejissor kimi sizin işinizi bəyənməyənlər də az deyil...
- Bəziləri düşünürlər ki, mən keyfiyyətsiz iş görürəm. Amma bir çox sənətçilər mənə müraciət edirlər. Elnura 5 klip çəkmişəm. Natavan Həbibiyə şəkillərdən ibarət çəkdiyim klip Türkiyədə birinci yerə layiq görüldü. Yeri gəlmişkən, bu, Azərbaycanda yenilik idi. Nazpəri Dostəliyevaya çəkdiyim “Sarışınım” adlı mahnının klipi Türkiyənin “Kral” televiziyasında nümayiş olunub. Halbuki, o vaxtlar bizim müğənnilərdən heç kimin klipi həmin telekanalda nümayiş olunmurdu.
- Niyə Zöhrab deyil, Zorik?
- Mən yerli şou-biznesə Zöhrab Ağayev kimi gəldim. Amma dostlarım, yaxınlarım mənə “Zoxa”, “Zorik” deyə müraciət edirdilər. Efirlərdə də adımı belə çağırmağa başladılar. Düzdür, çoxları bu adı erməni adı kimi qələmə verir. Amma Zori adlı erməni müğənnisi var. Öz adımı qoluma döydürmə də elədim. Bilirsiniz, mənə Zorik çağıranda həmin adamın səmimiyyətini daha çox hiss edirəm. Amma Zöhrab deyə müraciət edəndə, mənə elə gəlir ki, arada rəsmiyyətçilik var. Mənə atmaca atanlar, gördüyüm işləri bəyənməyənlərə demək istəyirəm ki, “alaq otu” deyiləm. Nəslim-nəcabətim var. Lətif Kərimovun nəvəsiyəm. Onun kimi insanlar da əsrdə bir dəfə dünyaya gəlir. Çünki o, gözləri qapalı halda xalçaya əlini vurmaqla, neçənci ildə toxunduğunu, hansı iplərdən istifadə olunduğunu deyə bilərdi. Mənə ondan genetik olaraq istedad keçib. Onu da deyim ki, babamın saçları uzun olub, mənimki kimi. Əlində yekə üzüyü, qolbağı olardı. Bilirsiniz, insan var, ulduz doğulur, insan da var, bu həyata şahzadə kimi gəlir. Müğənnilər var ki, bu sənətə gəlincə çox pis yollardan keçiblər. Amma mən şahzadə doğulmuşam, Lətif Kərimovun nəvəsi kimi gəlmişəm həyata. Mənə nə ləkə yaxsalar da, yapışmayacaq. Səhnə imicimə gəlincə, bu heç kimi maraqlandırmamalıdır. Arxamca danışırlarsa, deməli, mən bir addım öndəyəm. Özümə diqqət yetirməyi sevirəm. Dünya şou-biznesi praktikasında buna rast gəlinir. Sadəcə, bizdə bunu qəbul etmək istəmirlər. Bəli, mən baxımlı kişilərdənəm. Mən həmişə istəyirəm ki, hətta istənilən bir qadından belə gözəl olum. Getdiyim məclisdə hamıdan baxımlı və yaraşıqlı görünmək istəyirəm. Bilirsiniz, gərək insan heç kimin haqqında pis fikirdə olmasın. Bizim elə müğənnilərimiz var ki, min hoqqadan çıxırlar, naməlum yolla özlərinə maşın alırlar, sonra da deyirlər ki, biz kişiyik.
- Zorik, nə vaxt evlənmək istəyirsiniz?
-35 yaşımdan sonra evlənəcəyəm. 35-dən sonra ailə qurmaq haqda fikirləşəcəyəm. Sarışın xanımlardan xoşum gəlir. Əsas odur ki, ürəyimə yatan bir insan olsun. Görünüşü o qədər də önəmli deyil.