13 Mart 2019 20:42
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Boz və aktrisa Seda Bakan Bakıya gəlib.

Publika.az xəbər verir ki, müğənni ilə aktrisa "Öldür Beni Sevgilim" filminin təqdimatı üçün Bakıya gəlib.

"Ganjlik Mall CinemaPlus"-da baş tutan təqdimatdan öncə ulduzların mətbuat nümayəndələri ilə görüşü baş tutub. Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Murad Boz bildirib ki, Bakıda olmaqdan çox məmnundur:
"Çox həyəcanlıyıq, Seda ilə qadın kişi münasibətləri haqqında çox gözəl və əyləncəli film çəkdik. Bakıdakı konsertlərim möhtəşəm keçir, ümid edirəm ki, filmin qalası da uğurlu olar. Azərbaycandan film təklifləri gəlib. Əgər layihə və ssenari ürəyimcə olarsa, məmnuniyyətlə qəbul edərəm".

Seda Bakan isə etiraf edib ki, bu, Azərbaycana ilk gəlişidir:
"Bakıya heyran qaldım, küçələr çox genişdir. İçərişəhəri gəzdik, tarixi abidələrlə tanış olduq. Burda özümü yad hiss etmirəm, insanlar çox istiqanlı və qonaqpərvərdir".

Murad Boz mətbuat konfransında "Sizcə, sevgini nə öldürə bilər" sualına belə cavab verib:
"Hər an birinə aşiq ola bilərsiniz, amma onu qorumaq çox çətindir. Cütlüklər arasında hörmət bitdiyi zaman həm sevgi, həm də münasibətlər bitir".

Şəxsi həyatı ilə bağlı danışmaq istəməyən müğənni sevgilisi Aslı Enver haqqında bunları deyib:
"Film sənətdir, insanlara gerçək duyğular yaşatmalıyıq. Aslı ilə "Kardeşim benim" filmində birgə çəkilmişik. Bir münasibəti yenidən filmə daşımaq istəməzdim".

Qeyd edək ki, filmin rejissoru Şenol Sönmezdir. Rollarda Murad Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek, Ali Yoğurtçuoğlu və başqaları çəkilib.

“Öldür beni sevgilim” filmi, bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyacanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.


Müəllif: Teleqraf.com