Tabloid.az-ın qonağı müğənni Səyyad Əlizadədir. İfaçı müsahibəsində yaradıcılığından, şəxsi həyatından və digər məsələlərdən danışıb. Beləliklə, buyurub, oxuya bilərsiniz:
- Səyyad bəy, isti yay günlərində dincələ bildiniz?
- Bizim işimiz elə ağır fiziki iş deyil. Musiqi ilə məşğuluq. Qazmaçı deyilik, beton tökmürük, daş daşımırıq... Düzdür, dincəlmək lazımdır. Düşünürəm ki, Məhərrəmlik ayında 10-15 gün dincəlmək bəs edər.
- Amma adətən, əksər sənət adamları müğənniliyin ağır sənət olmasından şikayətlənirlər...
- Bizim işimiz fiziki deyil, mənəvi cəhətdən ağırdır. Mənə yüngül olan sənət göstərin. Düşünürəm ki, şikayətlənənlər naşükürlük edirlər.
- Necə olur ki, qalmaqallar Səyyad Əlizadədən yan keçir? Bəzən sanballı sənət adamının da ailə söhbəti, ya da hansısa müğənni ilə davası ilə gündəmə gəlir. Ya da videosu yayılır...
- Məni qalmaqala çəkmək istəyiblər. Görürsən, jurnalist zəng edir ki, filankəs sizin haqqınızda bu sözü dedi. O adama deyirəm ki, filankəs lap yaxşı elədi. Deyir ki, axı biz sizin fikrinizi bilmək istəyirik. Cavab verirəm ki, lap yaxşı edib deyib. Bununla da məsələ bağlanır. Bəzən efirə dəvət edirlər, gedirsən. Çəkiliş zamanı aparıcı konflikt yaratmaq istəyir. Məəttəl qalıram, axı niyə belə edirlər?! Fikrimcə, sənət adamları özlərinə hörmət etsələr belə hallar da olmaz. Onlar kiminsə oyuncağına çevrilməməlidirlər. Bir tanınmayan adam iki tanınmış sənətkarı, xalqın sevimlisini bir-birinə vurur. Çünki həmin sənətçilər ağılla deyil, hisləri ilə hərəkət edirlər. İstəməmişəm ki, adım qalmaqallara düşsün. Əslində, buna əsas da var. Məsələn, məndə elə sənətkarların görüntüləri var ki... İndi heç kimi bəyənməyən birisi mənim yanımda böyük danışa bilməz. Çünki əlindən tutub, efirə çıxarmışam. 1992-1993-cü illərin çəkilişləri var məndə. Onu üzə çıxarsam, hamı biləcək o adam kim olub və mən kiməm. Qalmaqala sərf olunan vaxta heyfim gəlir. Həmin vaxtı yaradıcılığa həsr etmək lazımdır. Bir də ki, özünə hörmət edən adam, gərək xalqın sevgisini qazansın. Xalqa hörmətlə yanaşsın, artıq-əskik hərəkətlərə yol verməsin. Danışığına, hərəkətinə, geyiminə fikir versin. Videolara gəlincə, sənət adamı ehtiyatlı olmalıdırlar. Bu öz yerində. Hamı insandır, şəxsi həyatı var. Heç kim də mələk deyil. Gərək ki, tanınmış insanlara hörmətlə yanaşaq. Dünənki bir uşaq qalxıb, xalq artistinə çirkab atır... Düşünürəm ki, belələri valideynlərinə hörmətlə yanaşmağı bacarmırlar. Hər kəsə doğma yanaşmaq lazımdır.
- Sosial şəbəkələrdə nə qədər aktivsiniz?
- O qədər də aktiv deyiləm. Sadəcə, gözucu paylaşımlara baxıram. Mənim internetdə oturmağa vaxtım yoxdur. Çünki çoxlu sayda yaradıcılıq planlarım var. Başımda o qədər yeniliklər var ki, bilmirəm, ona bir ömür çatarmı?! İnternetdə dünyada olan xəbərləri izləyirəm. Amma kiminləsə məktublaşmaq mənlik deyil.
- İnternetdə hansı kateqoriyaya aid xəbərləri oxuyursunuz?
- Kriminal və idman xəbərlərinə baxıram. Siyasət xəbərləri də həmçinin.
- Yerli şou-biznesdə baş verənləri izləyirsiniz?
- Qətiyyən! O tip xəbərlər mənlik deyil.
- Sizcə, müğənninin populyar olmasında sosial şəbəkələrin rolu var?
- Heç bir rolu yoxdur. Sosial şəbəkə yox idi, müğənnilər tanınmırdı? Düşünürəm ki, sənət adamı yaradıcılığı ilə gündəmdə olmalıdır. Mən gün ərzində “Facebook”da ən çox 15 dəqiqə oluram.
Bir məsələni də deyim. “Facebook”da cavan qızlar elə tərbiyəsiz sözlər yazırlar. Dəhşətə gəlirəm. Həmin sözü yazmaq, dilə gətirmək bir yana, hətta fikrimə gətirmək belə ayıbıma gəlir...
- Xaraktercə mülayim adama oxşayırsınız? Ailədə necəsiniz?
- Ailəm mənim üçün birinci yerdədir. Ailəmi çox sevirəm, övladlarımı çox sevirəm. Demək olar ki, övladlarım üçün yaşayıram. Anam başda olmaqla, onlardan heç nə əsirgəmirəm. İki övladım var. Şəhla adlı qızım, Atabəy adlı oğlum var. Şəhla ailəlidir, nəvəm var.
Özüm haqqında onu da deyim ki, məni mətbəxdə görmək mümkün deyil. Elə kişilər var ki, mətbəxdən çıxmır. Hətta hər şeyi də bacarırlar da. Amma mənim əlimdən heç nə gəlmir. Düzdür, tələbə vaxtı məcbur olub bəzi yeməkləri bişirə bilirdim (Gülür). Ümumiyyətlə, qadınlara böyük hörmətim var. Qadını incitmək olmaz. Kimliyindən asılı olmayaraq. Çünki qadın olmaq çox çətindir. Biz qadınlar kimi ola bilmərik. Onlar cəfakeşdir. Qadın gülürsə, ev gülür. Qadın gərək xoşbəxt olsun ki, sənin də evin gülsün. Qadın əsəbi halda hazırladığı yeməyin dadı da olmur. Bu, həqiqətdir.
Kişi əsl kişi olanda qadın da əsl qadın olur. Əgər qadınlarda neqativ hal varsa, onun günahı kişidədir. Bu mənim fikrimdir. Kişi gərək evində hər şeyin nizamını qorusun. Qadını evə gətirirsən. O, sənə Allahın, həmçinin ailəsinin əmanətidir. Onu özünə düşmən gətirməmisən ki. Bəzən görürsən ki, arvadını döyüb, nə hala salır... Ailənin tam formalaşması üçün heç olmazsa 10 il vaxt lazımdır. Təəssüf ki, bəzən sanırsan ki, evlərinə düşmən gətiriblər. Məhz ona görə də belə ailələr tez dağılır.
- Yerli şou-biznesdə hansı müğənniyə deyərdiniz ki, sən oxuma?
- Mən bu sözü heç kimə demərəm, çünki müğənniyəm. Həmin an deyəcəklər ki, Səyyad Əlizadə paxıldır. Mən kiməm ki, hansısa müğənniyə deyəm ki, oxuma?! Təbii ki, belə müğənnilər çoxdur. Bu saat kimə mikrofon versən, oxuyacaq. Amma baxır necə... Yaradıcı müğənni olmaq hər kəsə qismət olmur. Əsas odur ki, Azərbaycan musiqisində damla qədər də olsa nə isə yaradıb, iz qoyasan. Yerində olmayan insanlar tək sənətdə deyil, digər peşə sahələrində də var.
- Niyə ingilis dilində mahnı oxumursunuz?
- Mən istəyərəm ki, bura işləməyə gələn əcnəbilər Azərbaycan dilində danışsınlar. Məncə bu, vacibdir. Niyə mən ingiliscə oxumalıyam? Qoy ingilis Azərbaycan dilində oxusun. Bəlkə də mənim bu sözümə gülərlər ki, ingilis dili bütün dünyada dominantlıq edir. Azərbaycanlılar da az deyil ! Təxminən 50 milyondan yuxarıyıq.
Şəhərimizdə əksər mağaza və restoranların adı ingilis dilindədir. Buna çox böyük ürək ağrısı ilə baxıram. Qoy Azərbaycana gələn də dilimizdə hansısa sözü öyrənməyə çalışsın, bilsin. İngilis dilində mahnı oxumaq çətin deyil, öyrənib, oxumaq olar. Amma mən istəmirəm.