24 Oktyabr 2019 22:26
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə ilə Azərbaycanın ortaq istehsalı olan “Oklar dansı” filmi ilə bağlı mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı türk sənətçisi Onur Akay ölkəmizə gəlib. O, Azərbaycanı çox sevdiyini deyib.

Rejissor Alik Abbasov film çəkilişlərinin noyabrda başlanacağını deyib. O, çəkilişlərin Azərbaycanda və Türkiyədə baş tutacağını vurğulayıb: "Filmdə səkkiz azərbaycanlı, səkkiz türk aktyoru yer alacaq. Film iki ailənin münasibətindən bəhs edir. Əslində öncədən film haqqında çox məlumat vermək istəmirəm. Gizli qalsın. Filmin büdcəsinə gəlicə aktyorlara Türkiyədə olduğu qədər qonorar veriləcək".

Aktyor Rüfət Nəzər film haqqında bu sözləri deyib: "Film və ssenari haqqında öncədən məlumat verə bilmərəm. Layihə səviyyəli olduğu üçün təklifi qəbul etdim".

Aparıcı-aktrisa Aysel Nazim isə bu filmlə yanaşı başqa iki filmin də çəkiləcəyini nəzərdə tutulduğunu deyib: "Komediya janrı ilə yanaşı dram janrında da film çəkiləcək. Filmin çəkilişləri Qarabağda da aparılacaq. Ekran əsərində azərbaycanlı aktyorlarla yanaşı türklər də rol alacaq. Filmin üç ssenari müəllifi var, biri türk, ikisi isə azərbaycanlıdır".

Aparıcı-aktrisa Zümrüd Qasımova isə "Ən əsası ekran işində peşəkar aktyorların iştirakıdır. Əminəm ki, çox gözəl film olacaq. Bildiyiniz kimi filmlərə çox çəkilmirəm. Aysel xanım dəvət edəndə qəbul etdim. İnanıram ki, ortaya keyfiyyətli iş çıxacaq" deyə, qeyd edib.


Müəllif: Rəqsanə Həsənova