13 Yanvar 2020 14:14
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə Teleqraf.com-un suallarını cavablandırıb.

- Müğənni Ayan Babakişiyeva ilə "Sənin üçün" adlı yeni duetinizi təqdim etdiniz. Duetə klip çəkdirməyi düşünürsünüzmü?

- Bəli, duetimizin Yutub kanalında yüksək baxış sayı var. Amma altı-səkkiz ritmli mahnıya klip çəkdirməyi sevmirəm. Düşünürəm ki, həzin mahnı ifa etsək, klip çəkdirirərik.

- Bəzi həmkarlarınızdan fərqli olaraq İnstaqramda yazdığınız hər bir status səs-küyə səbəb olur. Buna görə problem yaşamırsınız ki?

- Mən də hamı kimi hansısa mövzuya status yazıram, vətəndaş olaraq fikrimi bildirirəm. Amma o fikir böyüməyə başlayır. Deyirəm, ay Allah, bəyəm mənim söz demək haqqım yoxdu?..

- Nadir bəy, yaxın günlərdə sosial şəbəkədə Manana Caparidze ilə bağlı “Müsəlman adını daşıyan bəzi qadın müğənnilərimiz Manana xanımdan nümunə götürsünlər” kimi qalmaqallı fikir səsləndirdiniz... Bunu da tənqid etdilər?

- Tənqidi fikirlər həmişə var. Kim sözü özünə götürür, tənqid etməyə başlayır. Belə bir söz var: “Soğan yeməmisən, niyə göynəyirsən?” Həmişə belə olub. Doğrudan da Manana xanım nümunəvi qadındır. Harasınısa açıb göstərməsini görmüsünüz? Xeyr. Bu xristian xanımı ilə bizim xanımları tərəziyə qoyanda görürsən ki, sözümdə həqiqət var. Soyunmaya-soyunmaya Manana Caparidze olub. Ona bəzi qadın müğənnilərimizdən çox hörmət var.

Toy şənliklərində ona necə hörmətlə yanaşdıqlarının şahidi olmuşam. Düşünürəm ki, bəzi qadın müğənnilərimiz soyunmağı yığışdırsınlar. Nə qədər ora-burasını açmaq olar? Bəsdirin! Sənətiniz varsa onu göstərin.

- Bu iradlarınızı daha çox hansı müğənniyə ünvanlayırsınız? Ad çəkə bilərsiniz?

- Hansını deyim... Günü-gündən ətəklər qısalır, dekoltelər enir. Onsuz da deməklə düzəlmir. Kişili-qadınlı elə yaşamalıyıq ki, bu ölkənin adına xələl gəlməsin.

- Son günlər Rusiya toylarına daha çox getməyə başlamısınız.

- Deməzdim, Rusiya toylarına çox gedirəm. Az gedirəm, saz gedirəm. Hər gün yollarda qalmamışam. Gedəndə öz qonorarmı istəyirəm. Yəni bir dəfə gedib normal pulumu qazanıram.

- Bir qrup müğənni var ki, Rusiya toylarına daha çox gedirlər. Sizə mane olan həmkarlarınız yoxdu ki?

- Siz istəyirsiniz ki, bundan sonra mənim Moskva toylarına yolum bağlansın?! Allah hər kəsin ruzisini verir. Ona heç kim mane ola bilməz.

- Sizi AzTV-nin verilişlərində görmürük. Bu, nə il bağlıdır?

- AzTV-nin Musiqi və əyləncəli proqramlar redaksiyasının keçmiş baş redaktoru Nadir Axundov monopoliya yaratmışdı. TV-yə yalnız istədiyi insanları dəvət edirdi.

AzTV-nin sabiq sədri Arif Alışanov məclislərin birində məni gördü və dedi ki, televiziyaya gəlməlisiniz. Sizin ifalarınız bizim formata uyğundur. O gündən AzTV-nin rəhbəri dəyişsə də, dəvət edilirəm.

- Oxu tərzinizi dəyişməyi düşünürsünüzmü?

- Böyük əsərlər də oxumuşam. Amma bu gün o əsərlərin dinləyiciləri az qalıb, 20 faiz. Bu da çox aşağı göstəricidir. Mahnının aranjemanına, montajına pul xərcləyirəm. Sonra görürəm ki, Yutubda baxış sayı yoxdur. Efirlər də o əsərləri ifa etməyimi istəmirlər. Deyirlər, şən mahnı ifa edin. Nə zamana qədər şəngülüm-şüngülüm olacaq? Keyfiyyətli musiqilər təqdim etməliyik.

- Fevralın 9-da növbədənkənar parlament seçkiləri baş tutacaq. Ümumiyyətlə, gələcəkdə siz də namizədliyini verməyi düşünürsünüzmü?

- Düşünürəm ki, məndən yaxşı millət vəkili olar. Niyə də olmasın... Çox ədalətli və haqlı insanam. Həmişə kasıbın, yoxsulun yanındayam. Sadaladığım xüsusiyyətlər seçilmək istəyən digər insanlarda da varsa, bunun nəyi pisdir ki? Biz kasıbçılıqdan çıxdığımıza görə onların qiymətini bilirik, başa düşürük. Çünki onların həyatını yaşamışıq.

Millət vəkili kimi namizədliyimi irəli sürsəm yüz faiz seçiləcəyimə əminəm. Amma mənə lazım deyil. Siyasətə qoşulmaq istəmirəm, ifaçıyam. Hələ ki oxumaq istəyirəm.

- Xalq artisti Faiq Ağayevi millət vəkili kimi namizədliyini versəydi, onu dəstəkləyirsiniz?

- Əlbəttə. Faiq Ağayevin savadına, intellektinə, dünyagörüşünə şübhəm yoxdur. Niyə də olmasın?!

- Röya Ayxan və Miri Yusifə xalq artisti adı veriləndə yazdığınız “Neyləmək olar ki? Həyatdır, əslində, belə də olmalıdır” fikirləriniz birmənalı qarşılanmadı. Daha sonra statasunuzu sildiniz və Röya Ayxanı təbrik etdiniz.

- Mən paxıl adam deyiləm. Biri var paxıl, biri də var haqqını tələb edən. Bunlar başqa-başqa anlamlardır. Röya Ayxanı öz səhifəmdə təbrik də etdim. Çünki haqqı var, zəhmətkeş insandır.

Amma düşünürəm ki, mənim də haqqım var. Mədəniyyət tədbirlərində hansı əziyyət çəkdiyimi bilirəm. Cəbhə bölgələrini addım-addım gəzmişəm. Ölkəm, xalqım üçün nə etmişəmsə, halal xoşu olsun. Vətəndaş kimi ölkəmə bacardığım qədər xidmət etmişəm.

Mənim əziyyətimi 27 illik həyat yoldaşım bilir. O, əziyyətlərimin, yuxusuz gecələrimin şahididir. Heç bir dövlət tədbirinə, konsertə pulla getməmişəm. Amma bir çox müğənnilər səhnəyə pulsuz çıxmırlar.

Mən dövlətimi, vətənimi, xalqımı sevirəm. Bunlar olmasa yaşaya bilmərəm. Bir də təbii ki, ailəm. Kökümə bağlı insanam. Fəxri adım yoxdursa küsüm, xeyr…

- Yəqin ki, tezlikə fəxri ada layiq görüləcəksiniz…

- Xalqın içində çox oluram. Mənim var-dövlətim xalqın sevgisidir. Budur zənginlik. Madiyyat olmasa da olar. Heç kim acından ölməyəcək. Toya ailəmi saxlamaq üçün gedirəm. Mənim repertuarımda elə mahnılar var ki, tələbat olmadığına görə oxumuram. Çünki verilişlər məndən “şəngülüm” mahnılar istəyirlər. Böyük sənətkar Akif İslamlamzadə 20 il əvvəl mənə dedi ki, oğul, çalış xalqı öz ifanla, əsərlərinlə dalınca apar. Sən insanların dalınca getmə!

Amma bu gün mən də o mahnılara qaçıram. Bu qazanda mən də qaynayıram. Bizim tamaşaçıdan şikayət etməyə haqqımız yoxdur, biz tamaşaçıya nə verdik, nə alaq? Bunu əsas televiziya rəhbərləri düşünməlidirlər.

- Yenə də əsas gəlir yeriniz toylardandır?

- Allah xalqımızın canını sağ eləsin. Onlar olmasa oğlanlarıma savad verə, yaxınlarıma kömək edə bilməzdim. İşçilərim, onların ailələri var.

Oğlumun biri İsveçrədə, biri isə Rusiyada təhsil alır. Onlara ev almışam. Bir ata kimi bu mənim borcumdur. Evləndirəcəm və borcumu yerinə yetirmiş olacam. Onların bəxti onda gəririb ki, Nadir Qafarzadə kimi ataları var.


Müəllif: Rəqsanə Həsənova