AzTV-də yaradılan Bədii Şuranın üzvü, xalq artisti Mübariz Tağıyev müğənni Nadir Qafarzadənin ona qadağa qoyulması haqqında səsləndirdiyi iddialara münasibət bildirib.
Mübariz Tağıyev Teleqraf.com-a açıqlamasında ifaçının iddialarını təkzib edib: "Azərbaycan Dövlət Televiziyasında heç bir müğənni qadağada deyil. Söhbət Nadir Qafarzadədən gedirsə, telekanalda ona qadağa qoyulmayıb.
Ola bilər ki, "Eyvana çıx" verilişinin formatımda dəyişiklik olsun. Başqa istiqamətə yozmaq lazım deyil. Hazırda mövcud vəziyyətlə bağlı Bədii Şura fəailiyyətini dayandırıb".
Qeyd edək ki, Nadir Qafarzadə AzTV-də yayımlanan "Eyvana çıx" verilişində qonaq qismində iştirakının təxirə salınmasından şikayət edərək kanalda ona qadağa qoyulduğunu iddia edib:
"10 gün əvvəl AzTV-dən zəng etmişdilər. AzTV-də yayımlanan "Eyvana çıx" verilişini son buraxılışını mənimlə bağlamalı idilər.Verilişin İnstaqram səhifəsində də anons verildi. Yəni ki, mən yalançı çıxmadım. Dünən hər şeyi araşdırdıq, hara gəlməliyəm, çəkiliş harada baş tutacaq. Bu gün səhər saat 10-da zəng gəldi ki, verilişin formatı dəyişdi. Mən yox, verilişdə bu günə qədər çəkilən ifaçılar iştirak edəcəklər.Bu düşünürəm ki, mənə qarşı növbəti edilən haqsızlıqdır. 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasından gəlmişəm. Mən uşaq deyiləm, 49 yaşım var, illərdir ki, sənətdəyəm. AzTV ilə problemim yoxdur, yəqin ki, onların mənimlə problemi var. Bundan da düşünürəm ki,rəhbərliyin xəbəri yoxdur. Bilmirəm. Niyə belə şeylər baş verir? Onların gətirdiyi səbəb deyil. Sən demə AzTV-də qadağadayam".