Məşhur idmançı Kamil Zeynallı Teleqraf.com-un suallarını cavablandırıb.
- Karantin qaydalarını pozduğunuz üçün 10 gün müddətinə həbs edildiniz. Vaxtın tez keçməsi və darıxmamaq üçün nə etdiniz?
- Darıxmağa vaxtım olmadı. Hər gün kitab oxuyurdum. 10 gündə səkkiz dedektiv kitab oxudum, Çingiz Abdullayevin və Elxan Elatlının əsərlərini. Hamısı maraqlı idi. Bir gün ərzində ən çox oxuduğum kitab 448 səhifə olub. Səhər saat 7-də başladım, gecə saat 1-də bitirdim. Həbsə düşən zaman pis fikirləşməli deyilsən. Çalışmalısan ki, özünü yaxşı fikirlərə cəmləyəsən. Səhv etdiyini qəbul etməlisən... Səhvimizin cəzasını da çəkdik. Pis olmadım.
- Həbsə düşərkən qızınız Sahiləyə Türkiyə getdiyinizi dediniz.
- Gülay mənə ağlaya-ağlaya zəng etdi ki, qızımıza nə cavab verəcəm? Dedim, Sahiləyə İstanbula getdiyimi bildir.
Bu gün son yardımımı etdim. Çünki karantin qaydaları yumşaldılıb. Şəhəri görürük, əvvəlki vəziyyət deyil. Məni polislər də dəstəkləyirdilər ki, həbsdən çıx, yardımına davam elə. Artıq bizim yardım etməyə çox da ehtiyac yoxdur.
- Qızınıza niyə məhz İstanbula getdiyinizi çatdırdız?..
- İstanbula tez-tez gedirəm, həmin an ağlıma Türkiyə gəldi. Bir dəqiqə yarım vaxtım vardı, telefonla danışarkən dedim ki, Gülay, mənə on gün həbs verirlər Pis bir şey yoxdur. Ağladı ki, mən qızıma nə deyəcəm?
Qızıma dedim ki, atanın işi çıxdı, İstanbula gedirəm, orada koronavirus xəstələri və kasıb adamlar çoxdur. Onlara ərzaq yardımı apararıram.
Yardım payladıqdan sonra Antalyada otel danışacam və sonra gəlib səni aparacam. Dedi ki, mən də gedim, dedim, olmaz, orada xəstələr çoxdur. Dedi, o zaman hər gün zəng elə.
- Həbsdən evinizə gedərkən sizi qarşılayanlar çox idi. Gülay Zeynallının orada olmaması diqqət çəkdi.
- Mən ilk olaraq evə getmişdim, Gülayın yanına. Çünki dostlarım çox idi, 10-15 nəfər dostum evə gəlmişdi. Ona görə demişdim ki, ora gəlməyə ehtiyac yoxdur. Qızım da anamın yanında idi. Əlbəttə Gülayla görüşdüm, elə şey olar?! Saxlanılma məntəqəsindən birbaşa Gülayın, oradan da anamın yanına gəldim.
- Siz həbs edilən gün Gülay Zeynallının paylaşımı diqqət çəkdi. Dua məzmunlu status paylaşmışdı.
- Yalnız Gülay deyil, milyonlarla insan dua etmişdi. Məni istəyən hər bir insan dua etdi və hər birinə təşəkkür edirəm.
- Həbsə düşmək düşüncənizdə nəyi dəyişdi?
- Dünyagörüşümdə dəyişiklik oldu, oxuduğum səkkiz kitab mənə çox təsir elədi. Həbs edilməyimə peşman deyiləm.
- Bir çox insanlar xüsusilə Kənan M.M tez-tez sizin haqqınızda sosial şəbəkədə paylaşım etdi. Dəstəyini gözlədiyiniz, amma bunu etməyən hansısa dostunuz oldumu?
- O haqda düşünmürdüm. Əlbbət ki, insana sevgi göstərmək, hörmət etmək yaxşı haldır. Amma elə düşünmürdüm ki, filankəs mənim şəklimi paylaşsın və s. Komandamın bütün günü yardım payladığını düşünürdüm. Bu mənim üçün çox xoş idi. Mən də içəridə rahat idim ki, yolumu davam etdirirlər.
Əlbəttə, Allah heç kimin yolunu həbsxanaya salmasın, bunu heç kimə də arzulamıram.