Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov əməkdar artist Bəhram Bağırzadənin müalicəsi və son vəziyyəti haqqında məlumat verib.
Rəşad Mahmudov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
“Bildiyiniz kimi, Bəhram Bağırzadənin müalicəsi 17 günə yaxın idi EKMO cihazına bağlı olaraq davam etdirilirdi. EKMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq dünən saat 11 radələrində onu EKMO cihazından ayırmaqla bağlı qərarı verilib. Hazırda süni tənəffüs aparatı vasitəsi ilə özünün ağciyərinin köməyi ilə digər orqanların oksigenlə təminatı mümkün olmaqdadır.
Bəhram Bağırzadənin ağciyərlərin rentgen görüntülərində son bir həftə içində seyr edilən müsbətə doğru dəyişikliklər bizi sevindirir. Dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırılan Bəhram Bağırzadənin hələ ki, komadan oyandırılması cəhdi düşünülmür. Hazırda ehtimal edilən bakterial superinfeksiyalar nəzarətə alındıqdan sonra, qarşıdakı 3-5 gün ərzində bədənin bütün orqanlarında öz ağciyərləri vasitəsi ilə kifayət qədər oksigen təminatı müşahidə olunarsa, eyni zamanda ağciyərlərdə bu günə qədər izlənilən müsbət dinamika davam edərsə, komadan oyandırma və süni nəfəs aparatından ayırma planları qurula bilər.
İntensiv müalicəsi davam etdirilən xəstəyə tibbi nöqteyi-nəzərdən ehtiyac olan bütün müalicələr tətbiq olunur, lakin gedişatın nəticəsi barədə indidən dəqiq məlumat vermək əfsuslar olsun ki, mümkün deyil. Reanimatoloq, infeksionist, pulmunoloq və digər aidiyyəti ekspertlerin rəyləri ümidvericidir. Bu mərhələyə qədər olan tədbirlər uğur sayıla bilər, amma ağciyərin bundan sonrakı fəaliyyəti zamanla özünü göstərəcək”.
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib. Əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.