“Tanınıram, amma pul qazana bilmirəm”
Azərbaycanın şou-biznesindən daha çox populyar olan bir biznes sahəsi var - toy biznesi. Bu biznes o qədər bahalı və gəlirli sahədir ki, hətta efir məkanını belə zəbt edib. Görəsən, toya getməyən və bu biznesin bir parçası olmayan musiqiçilərimiz varmı? “Gündəlik Teleqraf”ın müğənni və xanəndələrimiz arasında apardığı sorğu bəzi məsələlərə də aydınlıq gətirib.
“Yoxsa müğənnilər nə edərdilər?”
Xalq artisti Zülfiyyə Xanbabayeva: “Toylara gedən müğənniləri heç vaxt qınamıram, qınamaram da. İndi toylar olmasa, müğənnilər nə edərdilər? Axı, başqa qazanc yeri yoxdur. Mən dəvət olunduğum, istədiyim, seçdiyim toylarda iştirak edirəm. Sirr deyil ki, Bakıdakı konsertlərdən yaxşı gəlir əldə etmək mümkün deyil, rayonlarda isə güclü bilet satışı yoxdur. 5 il bundan öncə vəziyyət başqa idi: albomlarımız satılır, konsertlərimizdən qazanırdıq və toylara getməyə ehtiyac yox idi. Bir də ki, o vaxtlar xərclərimiz də çox deyildi. Amma indi klip, mahnı, aranjeman çox bahalıdır. Onu da xüsusilə qeyd edim ki, mən toy mahnılarının efirə gətirilməsinin qəti əleyhinəyəm”.
“Özümü dolandıra bilirdim”
Gənc xanəndə Bəyimxanım Vəliyeva: “Əvvəllər toylara gedirdim. Çünki el şənliklərinə getmədən sənətinə maddi vəsait ayırmaq mümkün deyil. Gəlir olmalıdır ki, reklam edə, klip çəkdirə bilək, eləcə də mahnı alaq. O vaxtlar gedirdim. Normal məbləğdə pul qazana, onunla maddi ehtiyaclarımı ödəyə bilirdim. Şənliklərdə həm muğam, həm də bəstəkar mahnıları ifa edirdim. Bir çox məclisdə ancaq muğam tələb edirdilərsə, bəzi şənliklərdə isə sona kimi muğam ifa edə bilməzdim. Bəzi şənliklərdən özüm də zövq alır, öz məclisim kimi rahat olurdum. İndi artıq toylara getmirəm.
O ki, qaldı, toy mahnılarını efirə gətirən müğənnilərə, mən onları qınaya bilmirəm. Başa düşürəm ki, hər kəs toy “tutmaq” üçün müxtəlif yollara əl atır. Mən toya getmirəm, yəni bundan asılı deyiləm, ona görə toy mahnıları yazdırmır, onları efirlərdə oxumuram. Amma düşünürəm ki, toylara getsəydim, bəlkə mən də belə edərdim".
“O vaxt da getmədim, indi də”
Xalq artisti Mübariz Tağıyev: “Bu sənətə gələn gündən indiyə kimi pul xatirinə toylara gedib, mahnı ifa etməmişəm. Yaxınlarımın, qohumlarımın toyunda bir mahnı ifa etmək toya getmək deyil. Niyə getmirəm? Səbəbi var. İllər əvvəl bir insan kimi Rəşid Behbudovun qarşısında söz verdim. Heç o vaxt bilmirdik ki, müharibə olacaq, aləm bir-birinə qarışacaq. Kim inanardı ki, SSRİ dağılacaq, heç kəs. Deyirdim ki, Rəşid müəllim ömrümdə toya getməmişəm. Dedi, gedəcəksən. Aramızda olan o söhbətdə mən söz verdim ki, toya getməyəcəm. Bununla məsələ bitdi. İndi yaxınlarım deyir ki, Rəşid Behbudov rəhmətə gedib, SSRİ dağılıb, toya get. Bu gün o çərçivədən çıxmaq, verdiyim sözdən dönmək çətindir. Əgər o vaxt bunu etsəydim, indi də edərdim. İndi çərçivələri sındırıb bunu etmək düzgün deyil. Sadəcə, çox acınacaqlıdır ki, bu gün hamı efirə toy tutmaq üçün çıxır”.
“Pul qazana bilmirəm”
Elariz Məmmədoğlu: “Müğənniləri toya pul xatirinə gedib mahnı oxuduqlarına görə qınamaq olmaz. Çünki onlar yaşayışlarını yaxşılaşdırmaq üçün pul qazanmalıdırlar. Bizə çox zaman Oqtay Ağayevi, Rəşid Behbudovu, Şövkət Ələkbərovanı misal çəkirlər. Sənət üçün çox az əmək sərf etdiyimizə görə bizi qınayırlar. Amma həqiqət budur ki, o vaxtlar adlarını çəkdiyim sənətkarlar toylara getməsələr də maaş və xarici ölkələrdə verdikləri konsertlərə görə qonorar alırdılar. Həmin maddi vəsait dolanışığa bəs edirdi, qalırdı bircə sənətlə məşğul olmaq. Vaxtilə Eldar Mansurovdan, Vaqif Gərayzadədən mahnılar oxudum, gördüm ki, bütün gün radiolarda səslənir, televiziyalara çağırırlar, müsahibələr alırlar. Amma pul qazana bilmirəm. Daha sonra Bakı folklorundan bir mahnı oxudum və toylara dəvətlər gəlməyə başladı. Dolanışığımı təmin etmək üçün buna məcbur idim. İndi fikirləşirəm ki, bir mahnı yazdırım sənətə xidmət eləsin. İki mahnı yazdırım ki, məni toylara dəvət etsinlər”.
“Filankəsi çağırın oxusun”
Xalq artisti Nəzakət Teymurova: “Ustadlarımız toylarda yetişiblər. Amma indiki toylar əvvəlki toylar kimi deyil. Toyda ifaçıya deyirlər ki, ”filan mahnını oxu", “filankəsi çağırın oxusun”, halbuki xanəndəni, ifaçını oxutmazlar, oxutdurub oynamazlar. Bilirsiniz, toy mühiti mənim üçün deyil. Amma olur ki, mən də ara-sıra toylara gedirəm, öz proqramımı oxuyub, çıxıram. Toya dəvət edənlər də bilməlidirlər ki, kimi hara çağırırlar".
“Hər toya getmirəm”
Xalq artisti Aygün Bayramova: “Toy şənliyinə getmək eyibdirmi? Xanəndələrimiz toylarda yetişib. Qədim zamanlarda da toylarımız tar-kamançasız keçməzdi. Mən də toylara gedirəm. Amma hər çağırılan toya deyil. Bu, xasiyyətimdən irəli gəlir. Həmişə hara gedəcəyimi əvvəlcədən yüz dəfə ölçüb biçirəm. Ayda neçə toya getdiyimin hesabatını aparmıram. Hansı toy şənliyi mənim üçün uyğundur, orada iştirak edirəm. Mən toylarda daha çox yarım saat ərzində mahnılar ifa edirəm. Muğamla bərabər xalq və bəstəkar mahnılarıda ifa edirəm, bayağı mahnıları ifa etmək üçün sifariş almıram”.
Nərmin