Kikboks üzrə dünya çempionu, "Qəbələ" İdman Klubun üzvü, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Pərviz Abdullayev (“Kobra Pərviz”) Teleqraf.com-a müsahibə verib. Onunla müsahibəni təqdim edirik
- "Survivor 2020"nin iştirakçıları Sizin vasitənizlə Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində ermənilərin təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərimizin ailələrinə başsağlığı verdilər. Ümumiyyətlə, türklər Tovuzda baş verən döyüşlərə necə reaksiya göstərdilər?
- Tovuz istiqamətində baş verən döyüşlər zamanı ilk olaraq "Survivor Panorama" verilişində məlumat verdim və bildirdim ki, şəhidlərimiz var. Bu, onlara da çox pis təsir elədi. Hətta verilişdən sonra xeyli söhbət elədik. Müharibə başlayan zaman Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın yanında olduğunu bəyan etdi. Sadə insanlar da bu cür münasibət göstərirlər. "Survivor" iştirakçılarından, Cemal Can Canseven, Barış Murat Yağcı və Ersin Korkuta dedim ki, şəhidlərimiz var və onlar haqqında video çarx çəkilməlidir, Siz qısa mesajınızla başsağlığı verə və dəstək mesajı göndərə bilərsinizmi? Onlar çox narahat oldular, soruşdular ki, Tovuzda nə baş verib, nə qədər şəhidiniz var, müharibə başladımı? Çox sağ olsunlar, dedilər ki, sən necə deyirsənsə, elə edək. Bildirdim ki, daxilinizdən gələn sözlərlə dəstək mesajı verə bilərsiniz. Yarışma iştirakçılarının mənə qarşı çox gözəl münasibəti və hörməti var. Sağ olsunlar, Azərbaycana başsağlığı verdilər, o hörməti mənə və Azərbaycan xalqına göstərdilər.
- Tovuzda istiqamətində döyüş başlayanda Türkiyədə idiniz, hansı hissləri keçirdiniz?
- Bu barədə eşidən kimi dərhal ailəmə zəng elədim, ailə üzvlərim Tərtər yaxınlığında idi. Dedilər ki, döyüş Tovuz istiqamətində başlayıb. Sonra dostlarımla əlaqə saxladım, döyüşlərin birinci günü idi, dedilər ki, dörd şəhidimiz var.
Həmin dəqiqə "Acun Medya"a müraciət edib xahiş elədim ki, təcili mənə bilet alınsın, Azərbaycana getməli və orada olmalıyam. Mən Qarabağlıyam, Ağdam zonasındanam. Əlbəttə ki, burada olmalı idim. Şəhidlərimizin və general-mayor Polad Həşimovun ölüm xəbərini eşidəndə çox pis oldum. Generalın ölməsi artıq müharibə demək idi. Erməni heç kimdir. Necə ola bilər ki, bizim generalımızı vursun?! Mənə çox pis təsir elədi. Dediyim kimi gecə ikən "Acun Medya"a müraciət elədim və biletimi iyulun 17-nə ala bildilər. Çünki iyulun 13-14-də "Survivor 2020"nin finalında iştirak etməli idim. İyulun 17-də Bakıya gəldim.
- Bir çox məşhurlar könüllü olaraq hərbi xidmətə yazıldılar. Siz necə Hərbi Komissarlığa müraciət edəcəksiniz?
- Mən müharibə olarsa, döyüşməyə, vuruşmaya və Vətənimi müdafiə etməyə hazıram. Bu, mənim daxilimdən gələn bir hisdir. Bəzən sosial şəbəkədə şərh yazırlar ki, neyLəyib? Oyunda iştirak edibdir. Müharibəyə mən də gedəcəm, amma mənim yarışmada gördüyüm işlər də var.
Yarışmanı təkcə Türkiyədə 80 milyon insan izləyir. TV8 kanalı isə bütün dünyada yayımlanır. "Survivor 2020" yarışmasının 24 iştirakçılarından biri isə azərbaycanlıdır, Azərbaycan adı orada tez-tez səslənir. Şükür Allaha hərəkətimlə, xarakterimlə Azərbaycanı layiqincə təmsil etdim. Bunu mənə gələn mesajlardan və deyilən gözəl sözlərdən hiss elədim.
Yarışmada iştirakım Azərbaycanı daha çox tanıtmaq deməkdir. İnsanlara demək istəyirəm ki, mən də belə təbliğat aparıram və Azərbaycanı dünyada tanıdıram. Türkiyədə çoxlu sayda ermənilər yaşayır. Onlar da görürlər ki, belə bir azərbaycanlı var və Azərbaycan adı nə qədər səslənir. Mənim 34 yaşım var, 12 yaşımdan idman sahəsindəyəm 18 yaşımdan isə peşəkar döyüşlərdəyəm.
Dünyanın bir çox ölkələrində Azərbaycan bayrağını qaldırmışam və döyüşmüşəm. Gərək danışanda keçmişə nəzər salasan. Dövlətimin adını həmişə yüksəltmişəm, idman bitdi, indi başqa bir sahə ilə bunu davam etdirməyə çalışıram.
- Necə oldu "Survivor 2020" yarışmasına qatıldınız? Layihənin rəhbəri və aparıcısı Acun Ilıcalı ilə tanışlığınız var idi?
- Əslində 2016-cı ildən "Survivor" yarışmasında iştirak etmək istəyirdim. Yarışmada iştirak edən Avatar Atakan dostumdur. 2017-ci ildə idmanda zirvədə idim, ildə altı-yeddi döyüşüm olurdu. 2019-cu ildə yarışmaya müraciət etdim və ilk müraciətimə də baxıldı. Türkiyəyə gedib mərhələlərdən yüksək səviyyədə keçdim. Acun Ilıcalı ilə görüş oldu. Dedilər ki, hələ dəqiq deyil, amma bu il yarışma Türkiyə ilə Yunanıstan arasında ola bilər, Siz "Survivor 2020"ə gəlin.
Yenidən "Survivor 2020" yarışmasına dəvət aldım və bir çox mərhələlərdən keçdim. Acun Ilıcalının komandası və özü ilə dörd dəfə görüşdüm. Komanda iştirakçılarda qeyri-adi xüsusiyyətlər axtarır ki, tamaşaçıınn diqqətində, görəsən nə ilə yadda qala bilər. Hətta şeir də dedim.
- Hansı şeiri?
- Yarışmadan öncə "Survivor"a aid şeir yazmışdım. Şeiri dedim və xoşları gəldi. Məni "Könüllülər" ("Gönüllülər") komandasına almalı idilər, sonra dünyada tanındığım və altıqat dünya çempionu olduğum üçün "Məşhurlar" ("Ünlülər") komandasına götürdülər. Yarışmadan öncə Acun Ilıcalı ilə münasibətimiz yox idi. Onun dostu Gökhan Özdemiri 2019-cu ildən tanıyırdım, ilk seçimdən sonra onunla çox yaxşı mübasibətimiz yarandı.
- "Məşhurlar" komandasında güclü performansı olan iştirakçılardan biri idiniz. Ümumiyyətlə, "Survivor 2020"də iştirakınız karyeranızda nəyi dəyişdi?
- Tanınırdım, amma indiki qədər deyildi. Düşünürəm ki, yarışmada iştirak edəndə bütün Azərbaycan, Türkiyə məni izlədi. Mənim yarışmanı tərk etdiyim gün verilişi 25 milyon insan izləyib. İdmandan sonrakı karyeramda həmişə Türkiyədə filmə çəkilmək və aktyor kimi fəaliyyət göstərmək istəyim olub. Hazırda Türkiyədən bir neçə təklif almışam. Daha real təkliflər gözləyirik. İnşallah onlardan birini seçib dəyərləndirəcəyəm. Film ilə yanaşı serialdan da təklif var.
- Necə bir obraz canlandıracaqsınız?
- Hələ ki, serialın çəkilişləri başlamayıb. Amma daha çox ciddi obrazlar mənə uyğundur. Bunu rejissorların özləri də deyir. Komediya janrı məndə alınmaz. Daha çox "Eşkiya dünyaya hükümdar olmaz", "Çukur" tipli seriallarda çəkilə bilərəm. Yəqin ki, obrazım üçüncü-dördüncü dərəcəli olacaq. Birdən-birə baş rol olmaz.
- Çəkilişlər nə zaman başlayacaq?
- Serial çəkilişləri avqustun ortalarından başlamalıdır. Görək başlanğıc necə olacaq? Əvvəla türkcə diksiyamı düzəltməliyəm, bir az aksentlə danışıram.
- Serialdakı hadisələrin Azərbaycanla əlaqəsi olacaqmı?
- Serialda yox, amma filmin Azərbaycanla əlaqəsi olacaq.
- Serial çəkilişləri zamanı ailənizi Türkiyə aparacaqsınız?
- Baxarıq, hələ ki bu haqda düşünmürəm. Əgər vacib olacaqsa, tamam köçmək yox, amma müəyyən müddətə apara bilərəm. İki oğlum var, Yusif, Oğuzxan. Böyük oğlum idmana meyillidir, xüsusilə boksa.
- Yarışı tərk etdiyiniz həftə "Məşhurlar" komandasında birinci yerdə idiniz, oyundan çıxmağınız gözlənilməz oldu...
- Bəli. Əslində həmin gün hiss etmişdim. İştirakçıların mənim adımı yazması səhv idi. İlk və bayraq oyunlarına mən çıxırdım, həmişə xal alırdım. Üç həftə yüksək balla (20-21) ən yaxşı performans göstərmişdim. Amma yarışmadan çıxan günü fikirləşmişdim ki, sms səsvermədə birinci olacam. Ezgi Hocaoğlunun adı birinci çıxanda təəccübləndim.
- Bir sözlə, yarışmada qadın həmrəylinin "qurbanı" oldunuz?
- Ezgi Hocaoğlu zəif iştirakçı idi, Aşkım Burçe Tunay isə oynaya bilmirdi. "Survivor Panorama"da da dedim ki, komandaların birləşmə partisini görmək üçün hansısa bir güclü iştirakçını uzaqlaşdırmaq doğru deyildi.
- Müğənni Demet Akalın da Sizin yarışmadan uzaqlaşmağınıza təəssüfləndiyini bildirmişdi. Sosial şəbəkədəki paylaşımında Ezgi Hocaoğlunun oyundan uzaqlaşdırıldığı üçün sevindiyini və intiqamınızın alındığını yazmışdı...
- Bəli, Demet Akalın, Soner Sarıkabadayı da mənə dəstək oldular.
- Yarışmanı tərk etməyiniz sosial şəbəkədə böyük müzakirələrə səbəb oldu. Hətta Acun Ilıcalını tənqdid edənlər də oldu. Ümumiyyətlə, yarışmadan çıxmağınıza bu cür tənqidi yanaşmaq nə dərəcədə doğrudur?
- İnsanların hissiyatıdır, o haqda nə deyə bilərəm?! "Panorama" verilişinin sosial mediadakı hesbalarına 60 min qeyri-etik rəy gəlmişdi, neçə nəfərə demək olar ki, belə etmək olmaz. Sosial şəbəkədə Azərbaycan-Türkiyə tərəfdarları yaranmışdı, artıq ölkə adı ilə danışırdılar. Paylaşımımda qeyd elədim ki, biz qardaş ölkəyik və nə olur-olsun biz bir-birimizə dəstəyik.
- Haqqınızda belə rəylər vardı ki, xaraktercə sakit olmağınız və türk dilində aksentiniz digər iştirakçılarla ünsiyyətdə çətinlik yaratdı və bu da oyundan çıxmağınıza səbəb olan amillərdən idi.
- Mənim yarışmada iştirak edən qızlarla münasibətim yox idi. Təkcə Elif Gören ilə yaxşı münasibətim var idi. Eliflə ikimiz də idmançı olduğumuz üçün bir-birimizi yaxşı başa düşürdük. Oğlanlarla münasibətim yaxşı idi, danışırdıq da, gülürdük də. Sadəcə olaraq bəzi reportajlarım yayımlanmamışdı.
- Amma yarışmadan çıxmağınızda "rolu" olanlardan biri elə Elif Gören oldu...
- Bəli, ondan mənim adımı yazacağını gözləmirdim. Mənə dedi, inanırdım ki, sənə çox səs gələcək. Sadəcə qadın həmrəyliyi ilə adımı yazdılar. Həm də azərbaycanlı olduğuma görə, az səs toplayacağımı düşünürdülər.
- Azərbaycandan səsvermə mümkün olsaydı "Survivor 2020"nin finalına gedə bilərdiniz?
- Finalla yanaşı çempion da olardım.
- Yarışmanın qalibinin Cemal Can olacağını gözləyirdiniz? Sizin favoritiniz kim idi?
- Barış Murat Yağçının çempion olmasını istəyirdim. Son həftələrdə çiynindən zədələndi, zədə məndə də olmuşdu, onun performansa təsiri böyük olur. Güclü zədələnənlər oldu. Mənim özümün axırıncı həftə ayağım burxuldu. Bir həftə çətinlik çəkdim.
- Yarışmada göründüyü kimi hamı ac qalır, yoxsa kamera arxasında vəziyyət fərqlidir?
- Bəli, hamı ac qalır. On beş gün ac qaldıq. Dözməli idik. Artıq elə vəziyyət yaranırdı ki, sanki sönürsən, ölmək istəyirsən. Gecələr ancaq beynimdə şirniyyat barədə düşünürdüm. Axşamüstü saat 8-də yatırdıq ki, acmayaq. Heç vaxt saat 20:00-da yatdığımı xatırlamıram. Yemək yox idi, başqa məşğuliyyət də tapa bilmirdik. Adada tropik iqlim idi. "Acun Medya"nın bu verilişi çox ciddi rejimdə baş tutur. Ac qalırsan, darıxırsan.
- Verilişdə ən yüngül güzəşt nə olur?
- Məsələn, səhv elədin və iki-üç hədiyyədən məhrum olursan. Bir dəfə qırmızı kart aldım. Acun Ilıcalı da dedi ki, sən "Survivor"u çox yüksək səviyyədə, heç bir səhv etmədən tərk elədin.
- Yarışmadan çıxandan sonra yenidən Acun Ilıcalı ilə görüşüb müzakirə aparmaq imkanınız oldu?
- Bəli, Acun Ilıcalı ilə görüşdük. Dedi ki, səni Bakıya göndərə bilmədim, çox pis oldum. Mümkün olsaydı, məni öz şəxsi təyyarəsi ilə göndərəcəkdi.
- Dominikandan Türkiyəyə gələrkən bir həftə karantinə alındınız. Sonra isə "Survivor 2020"nin final mərhələsinə qatılmaq üçün İstanbulda qalmalı oldunuz. Maliyyə məsələlərini necə həll edirdiniz?
- Hər şeyi "Acun Medya" təşkil edirdi.
- Pandemiya hamı üçün gözlənilməz oldu. Yarışmada iştirakçılara koronavirus barədə məlumat veriləndə necə reaksiya göstərdiniz?
- Vəziyyətin belə olduğunu təsəvvürüzə belə gətirmirdik, Çində bu virusun olduğunu eşitmişdik. Qorxduq ki, ölən varmı? Adada bildim ki, belə bir virus var.
- Yaxınlarınız arasında koronavirusa yoluxan varmı?
- Xeyr.
- Koronavirusa inanan, yoxsa inanmayanlardan idiniz?
- Əvvəl inanmırdım, indi isə düşünürəm ki, qrip sərt növüdür. İmmunitet güclüdürsə, yüngül keçirirsən. Ölənlər əsasən yaşlılar və yanaşı xəstəliyi olanlardır.
- Ersin Korkut oyundan çıxanda belə versiya səslənirdi ki, yarışmadan çıxmaq istəyir, ayağındakə zədə bəhanədir. Bu nə dərəcədə doğrudur?
- Xeyr, həqiqətən də ayağı zədələnmişdi. Bizim yanımıza gələndə də ayağı sarıqlı idi. Barışla Ersin Bakıya da gələcəkdilər, karantin bitsin inşallah gəlməyi düşünürlər.
- Türklər haqqınızda yazırdılar ki, Azərbaycanın milyonçusudur...
- Hətta hesabımda 2200 milyon dollar pul olduğu da yazılmışdı. Bəzən bu cür məlumatların da mənfi təsiri olur. İnsanlar düşünür ki, onsuz da onun bu qədər pulu var, sms üçün pul ayıracaq.
- Deyilən rəqəmlər realdır?
- O qədər deyil. Bir idman zalım var.
- Karantin Sizə maddi tərəfdən necə təsir etdi?
- Vallah, hələ heç nə hiss etmirəm. Dörd gündür özümə gələ və adaptasiya olmağa çalışıram.
- İdmançı dostlarınızdan kimlər sizi təbrik etdilər?
- İdmançı dostlarımdan heç kim təbrik etməyib. Tanınmışlardan isə sağ olsun Zülfiyyə Xanbabayeva haqqımda paylaşım etmişdi.
- İdmançılardan kimlərlə dostluq edirsiniz?
- İdmançılar arasında yaxın dostum yoxdur. Dörd yaxın dostum var, onlar da başqa sahələrdəndir. İdmançılardan hamı ilə münasibətim əladır. Amma öpüşüb-görüşdüyüm heç kim məni təbrik etmədi.
- Yarışmadan gəldikdən sonra Füzuli Musayevlə görüşdünüz.
- Bəli, Füzuli müəllim, rəisimdir, dostumdur.
- Məşhur idmançı Zabit Səmədov ilə münasibətiniz necədir? O, yarışmada iştirak edən türkiyəli kikboksçu Sabriyyəyə dəstək olmuşdu.
- Bəli, Zabit Səmədov ilə münasibətimiz yaxşıdır. Sabriyyəni də tanıyıram. Adəm Kılıççı ilə də münasibətimiz yaxşıdır. Hamı məni Adəm Kılıççıya bənzədir.
- Yenidən yarışmaya qatılacağınızı bildirmisiniz...
- Bəli, "Survivor All Star"a qatılacam. Çünki mənim performansım yarımçıq qalıb, insanlar məni yenidən yarışmada iştirakımı istəyirlər. İnşallah "Survivor All Star"da hədəfim çempion olmaqdır. Amma bu dəfə hazırlıqlı olmaq lazımdır.
- İdmandan aktyorluğa keçməkdə məqsəd nədir?
- İdmançıları çoxu sonra aktyor olublar.
- Yarışma psixoloji cəhətdən necə təsir etdi?
- Mənə hər hansı təsiri yox idi. Çünki həmişə döyüşlərlə əlaqədar ölkədən kənarda olmuşam. Adaptasiyada heç bir problem olmadı.
- Yarışmada yaşadığınız hansı hadisə bu gün Sizə adi gəlir?
- Yarışmada sınaq aclıq idi. Başqa heç nə düşünmürsən. İlk gün deyirdim, mən hardayam?! Həmin gün yağış vurdu, ocağın qırağında yatdıq, çətin idi.
- Oyundan kənarlaşandan sonra ilk olaraq nə yediniz?
- Kök ilə hazırlanmış keks yedim. Yarışmaya qatılanda 88 kq idim, çıxanda 74 kq olmuşdum.
- Uzun müddət ac qalmağınızın orqanizmə təsiri necə oldu?
- Detoksdur, təmizlənmə...
- Adanın iqlimi fərqli idi. Sizə necə təsir etdi?
- Orada "denge" xəstəliyi var. İştirakçılarda on gün, məndə və Ersin Korkutda iki gün davam elədi. Halsız və yorğun olursan, temperatur qalxır.
- Yarışmadan dostunuz Mərt Öcalın getməsi hamıda şok yaratdı. Halbuki həftələrlə sms nəticəsində birinci olurdu.
- Mən getdimsə, hamı gedə bilərdi. Çünki mənim də çıxmağımı heç kim gözləmirdi. Hər kəs deyirdi ki, finala qədər gedə və çempion da ola bilərdim.
- Yarışmada qalib gəlməyin sirri nədədir?
- Orada yalnız performans önəmli deyil. Başqa xüsusiyyətlər də olmalıdır. Danışmalısan, formadan-formaya girməlisən. Bir sözlə, aktyor olmalısan.
- Cemal Can çox duyğusal idi...
- Bəli, Cemal Can duyğusaldır, çox ağlayırdı. Məsələn, mən izləyici kimi Cemal Canı çempion seçməzdim. Gözəl qəlbi var, yaxşı insandır. Mən də ağlayıram, amma hər dəfə ağlamaq kişiyə yaraşmaz.
Foto: Pərviz Həşimi